BSU ilə Manas Universiteti arasında tələbə mübadiləsi genişlənir
Bakı, 31 avqust, AZƏRTAC
Bakı Slavyan Universiteti (BSU) ilə Qırğızıstan-Türkiyə Manas Universiteti arasında təhsil və akademik əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.
Universitetdən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Qırğızıstan Respublikası ilə təhsil əlaqələrinin inkişafına xüsusi önəm verən BSU-nun Manas Universiteti ilə əməkdaşlığında tələbə və akademik mübadilə, birgə elmi-tədqiqat fəaliyyəti, elmi tədbirlərin təşkili və nəşrlərin mübadiləsi əsas istiqamətləri təşkil edir.
İki universitet arasında əməkdaşlığın hüquqi əsasını 2023-cü ildə imzalanmış Akademik Əməkdaşlıq Protokolu təşkil edir. Sənədə əsasən, tərəflər birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik heyət, tədqiqatçılar və tələbələrin mübadiləsi, seminar, kurs və digər elmi tədbirlərin təşkili, elmi nəşrlərin və materialların mübadiləsi, eləcə də mədəniyyət, incəsənət və idman sahələrində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri tələbə mübadiləsidir. 2025-2026-cı tədris ilində Manas Universitetinin bir tələbəsi mübadilə proqramı çərçivəsində BSU-da təhsil alıb.
Növbəti tədris ilində isə bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılır. 2026-2027-ci tədris ilində Manas Universitetinin dörd tələbəsinin BSU-da təhsil alması nəzərdə tutulur. Onlardan ikisi payız, digər iki tələbə isə yaz semestrində universitetdə təhsil alacaq.
Tələbə mübadiləsinin genişləndirilməsi iki ölkənin ali təhsil müəssisələri arasında akademik əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq tələbələrin beynəlxalq akademik mühitdə təcrübə qazanmasına, müxtəlif təhsil sistemləri ilə tanış olmasına və Azərbaycan-Qırğızıstan arasında təhsil əlaqələrinin inkişafına töhfə verir.
BSU və Manas Universiteti arasında əməkdaşlığın qarşıdakı dövrdə yeni istiqamətlər üzrə genişləndirilməsi, qarşılıqlı tələbə və akademik mübadiləsinin artırılması, birgə elmi və təhsil layihələrinin həyata keçirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.
Müxbir - Nərmin Muradzadə