Bu gün meşə fondu torpaqlarında 10 min ağac əkilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Ölkə ərazisini əhatə edən ağacəkmə tədbirləri bu gün Tovuz, Şəmkir, Ağcabədi, Quba, Şabran rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib.
Gün ərzində ümumilikdə 12 hektar ərazidə 10 min 325 ədəd ağac tingi əkilib, 575 kiloqram toxum səpilib.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.
O qeyd edib ki, Cəlilabad rayonunun meşə fondu ərazisində isə nazir müavini Vüqar Kərimovun iştirakı ilə 2,5 hektarda 4 min 200 göyrüş tingi əkilib.
“Payız ağac əkini mövsümü başlayandan bu günədək ölkə ərazisinin meşə fondu torpaqlarının açıq, seyrək və yanğına məruz qalmış ərazilərinin 106 hektar sahəsində 66 000-dən artıq ağac tingi əkilib, 5700 kiloqramdan çox toxum səpilib”, - deyə C.Qəribov diqqətə çatdırıb.