Bu ilin 6 ayında radioloji fəaliyyətlə bağlı 73 inzibati işə baxılıb
Bakı, 26 iyul, AZƏRTAC
Bu ilin ilk altı ayı ərzində Fövqəladə Hallar Nazirliyi (FHN) yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 73 inzibati işə baxıb.
AZƏRTAC xəbər verir ki, Dövlət Agentliyinin rəisi Nicat Əliyev işlərdən 37 faizinin dövlət müəssisələrini, 63 faizini isə özəl müəssisələri əhatə etdiyini deyib. Qeyd edib ki, sənaye müəssisəsi üzrə 4 faiz, tibb müəssisələri üzrə 96 faiz inzibati işə baxılıb. Agentliyə 2023-cü ilin ilk altı ayında radioloji-gigiyenik pasport və xüsusi icazələrlə bağlı 132 müraciət daxil olub. Müraciətlərin 46 faizi müsbət qiymətləndirilib, 54 faizi isə təmin olunmayıb.
Diqqətə çatdırılıb ki, tibb müəssisələri tərəfindən xüsusi icazələr üçün 96 müraciətdən 40 faizinə müsbət cavab verilib və xüsusi icazə verilib, 60 faizi təmin edilməyib. Sənaye müəssisələri tərəfindən xüsusi icazələrin verilməsi ilə bağlı 18 müraciətdən 83 faizinə müsbət cavab verilib. FHN yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi bu ilin 6 ayı ərzində 168 yoxlama nəzarət tədbiri həyata keçirib.
Tibb müəssisələri üzrə 57 faiz özəl, 43 faiz isə dövlət müəssisələrində yoxlamalar aparılıb. Bundan başqa, sənaye və elmi tədqiqat müəssisələri üzrə 86 faiz özəl, 14 faiz isə dövlət müəssisələrində yoxlama həyata keçirilib. 17 tibb müəssisəsində radioloji fəaliyyət məhdudlaşdırılıb. Bu tibb müəssisələrinin 94 faizi dövlət, 6 faizi isə özəl müəssisələrdir.