“Bu isimdə bir can...” ikicildliyinin təqdimatı olub
Bakı, 12 mart, AZƏRTAC
Əməkdar Mədəniyyət İşçısı, yazıçı-publisist Fazil Rəhmanzadənin “Bu isimdə bir can...” ikicildliyinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, nəşrdə Azərbaycanın XX əsrdəki intibahı ilə bağlı tarixi-nəzəri, bədii-sənədli, publisistik qeydlər yer alıb.
Tədbirdə Milli Məclisin deputatlar Rafael Hüseynov, Elmira Axundova, Xalq Artisti Arif Məlikov, Xalq Rəssam Arif Hüseynov, Əməkdar İncəsənət Xadimi, sənətşünas Ziyadxan Əliyev və başqaları çıxış edərək kitabın məziyyətlərindən söz açıblar.
Bildirilib ki, ikicildlikdə qədim və zəngin tarixə malik Azərbaycanın XX əsrdəki intibahını sərgiləyən vacib məqamlardan, misilsiz nailiyyətlərdən, bəşər mədəniyyətinə və elminə bəxş etdiyi nadir insanlardan, töhfələrdən, dünya çapında oynadığı böyük və inkarolunmaz rollardan söhbət açılıb.
Vurğulanıb ki, bu dəyərli topluda müəllifin uzun illər ərzində peşəkar jurnalist kimi hazırladığı maraqlı yazılar, milli mənəvi sərvətlərimizə, musiqimizə, dəyərli sənət və söz adamlarına sonsuz sevgisindən yoğurulmuş bir-birindən maraqlı yazılar yer alıb.
Qeyd edilib ki, milli mətbuatımızın 140 illiyinə ithaf olunub ikicildliyin məsləhətçisi və baş redaktoru Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovdur.
Bütün iştirakçılara minnətdarlığını bildirən müəllif deyib ki, ikicildliyin hazırlanmasına 30 ildən artıq bir vaxt sərf edib. O, kitabların işıq üzü görməsinə dəstək olanlara minnətdarlığını bildirib.