CƏMİYYƏT
Bu yay hava norma ilə müqayisədə bir neçə dərəcə isti olub
![Bu yay hava norma ilə müqayisədə bir neçə dərəcə isti olub](/files/2022/3/1200x630/16629916612722750644_1200x630.jpg)
Bakı, 12 sentyabr, Aysel Azad, AZƏRTAC
Bölgəmizdə iqlim dəyişiklikləri, temperaturun artması, yağıntının azalması kimi ləng gedən proseslər müşahidə olunur. Eyni zamanda, təhlükəli hidrometeoroloji hadisələrin də təkrarlanma tezliyinin artması onların daha sərt, daha ciddi xarakter almasına səbəb olub.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib.
Onun sözlərinə görə, son dövrlərdə əvvəlki illərlə müqayisədə intensiv yağışın, maksimal temperaturun, güclü küləyin sərt olması halları tez-tez müşahidə olunmaqdadır. Bu ilin yayında da norma ilə müqayisədə bir çox yerlərə dəfələrlə çox yağıntı düşdüyünü qeyd edən qurum rəsmisi bildirib ki, buna baxmayaraq hava temperaturu norma ilə müqayisədə bir neçə dərəcə isti olub.
“Ümumiyyətlə, temperaturun orta göstəricisində artım tendensiyası bu il də davam edib. Ancaq ayrı-ayrı təhlükəli hadisələrin də daha tez-tez və sərt baş verməsi halları bu il də müşahidə olunub. Hazırda hava şəraitinin belə dəyişkən olması daha da tezləşir və qış mövsümündə də havanın bu xarakteristikası istisna olunmur. Temperaturun artması tendensiyası davam etsə də, ayrı-ayrı illərdə temperaturun norma ilə müqayisədə aşağı olması, yağıntının çox və ya az olması, qışın soyuq və ya daha isti olması hallarının müşahidəsi istisna edilmir. Adətən proqnoz bir neçə gün sonra üçün verilir. Lakin ay, fəsil üzrə, yağıntının, temperaturun normadan yuxarı-aşağı olmasına dair proqnozları Londonda yerləşən Beynəlxalq Proqnozlar Mərkəzinin tövsiyələrinə əsasən vermək olar. Əvvəlcədən hər hansı fəslin necə keçəcəyi barədə məlumat vermək çətindir. İqlim dəyişiklikləri fonunda hər hansı hidrometeoroloji prosesin bir və ya bir neçə dəfə baş verməsi istisna edilmir. Odur ki, əvvəlcədən qışın necə olacağı barədə proqnoz söyləmək çətindir”, - deyə Rafiq Verdiyev söyləyib.
O, əlavə edib ki, iqlim dəyişiklikləri nəticəsində şimalda havanın temperaturunun artması ilə əlaqədar buzlaqların əriməsi müşahidə olunur: “Sahilyanı ərazilər su altında qalır, cənub bölgələrində buxarlanma çoxalır və nəticədə su resursları azalır. Ölkəmizdə də son 15 il ərzində su resursları 10-15 faiz azalıb. Əgər iqlim dəyişiklikləri bu formada davam edərsə, azalmaların davam edəcəyi gözlənilir. Xəzər dənizinin səviyyəsi də son 20 ildə aşağı düşüb. Bu, temperaturun yüksək olması, dəniz səviyyəsində buxarlanmanın artması, eyni zamanda Volqa və digər çaylarda sululuğun azalması ilə də bağlıdır”.