Bütün dünya bir daha Ermənistanın irticaçı rejiminin mahiyyətinin şahidi oldu
Ağcabədi, 13 iyul, AZƏRTAC
Koronavirus pandemiyasının tüğyan etdiyi bu çətin dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının çağırılması barədə qərarının qəbul edilməsi ölkəmizin, onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz nümunəsidir. Dünyanın 130-dək dövlətinin yüksək səviyyədə Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi isə beynəlxalq birliyin Azərbaycana, onun rəhbərinə olan böyük hörmət və etimadın göstəricisidir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib.
Bu siyasi addımın Azərbaycan Prezidentinin yüksək liderlik qabiliyyətinə malik olmasını bir daha nümayiş etdirdiyini vurğulayan İ.İlyasov deyib: "Dünyanı cənginə alan COVID-19 bəlasından çıxış yollarını müzakirə etməkdə və həll yollarının tapılmasında öz töhfəsini verən dövlət kimi Azərbaycan tarixdə bu mövzuda ilkə imza atdı. Bəşəriyyətin COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı, dünya dövlətlərinin Azərbaycanın haqlı çağırışını dəstəklədiyi halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT qarşısında və dünya dövlətləri arasında özünü növbəti dəfə rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl simasını gördü və Ermənistanın irticaçı rejiminin mahiyyətinin şahidi oldu. Dünyada sülhün əmin-amanlığın bərqərar olması üçün mövcud imkanlarını səfərbər edən Azərbaycandan fərqli olaraq işğalçı Ermənistan iyulun 12-də növbəti xain xislətini həyata keçirməyə cəhd edərək Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan silahlı qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Riyakar düşmən layiqli cavabını alıb".
Rayon təşkilatının sədri bildirib ki, əslində Ermənistanın bu təxribatı ölkəsindəki mövcud siyasi böhrandan diqqəti yayındırmağa hesablanıb. “Bu cür sərsəm addımlar Ermənistanın irticaçı rejiminin yeni təxəyyülü və şovinist addımı deyil. Bu Ermənistan rəhbərliyinin Azərbaycanla təmas xəttində təxribat edib əhalisinin diqqətini ölkəsindəki böhrandan yayındırmaq ideyasıdır. Ancaq təkrar çalınmış bu hava ilə nə erməni xalqını, nə də dünya ictimaiyyətini aldatmaq mümkündür. Son hadisələr bir daha isbat etdi ki, Ermənistan hakimiyyəti işğalçı siyasətini pərdələyə bilmir. Artıq beynəlxalq aləmdə çirkin niyyətləri və əməlləri ilə özünü rüsvay edib".
İlqar İlyasov qeyd edib ki, Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə birgə həmrəylik çağırışının beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmasını Ermənistan və onun himayədarları həzm edə bilmir, çıxış yolunu təmas xəttində təxribatda gördülər. Bu zaman Azərbaycan Prezidentinin və xalqının iradəsi ilə üzləşdi və Silahlı Qüvvələrimizdən layiqli cavablarını aldılar.
"Son günlər baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan dünyanı sülhə, COVID-19-a qarşı birgə mübarizəyə səslədiyi halda, irticaçı Ermənistan iğtişaşa, münaqişəyə sürükləyir. Bu çətin günlərdə bütün Azərbaycan xalqı öz dövlətinin yanındadır, Ali Baş Komandanın bütün əmrlərinə müntəzirdir", - deyə, İ.İlyasov bildirib.