Cahangir Həsənzadə: Millimiz maksimum gücü ilə oynasa, nəticə ürəkaçan olacaq
Bakı, 8 sentyabr, AZƏRTAC
Sözsüz ki, Belçika qrupun favoritidir. Yaxşı və keyfiyyətli futbolçuları var. Ancaq doğma arenada azarkeşlər önündə oynamaq yığmamıza müsbət təsir göstərəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq qapıçısı, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 9-da Bakıda Belçika yığmasına qarşı keçiriləcək oyun barədə danışarkən deyib.
Veteran qolkiper bildirib ki, millimiz maksimum gücü ilə oynasa, nəticə ürəkaçan olacaq: “Belçika ilə ilk qarşılaşmamız deyil. Onlardan xal da almışıq. Oyun gərgin keçəcək. Amma inanıram ki, futbolçularımız bu gərginliyə tab gətirə biləcək”.
Onun sözlərinə görə, yığmamızın heyətində ölkə xaricində çıxış edən oyunçuların çox olması sevindirici haldır: “Düşünürəm ki, hər biri səviyyə fərqini ortaya qoya biləcək. Eyni zamanda, öz yerli çempionatımızda iştirak edən oyunçuların da kifayət qədər təcrübəsi var”.
C. Həsənzadə millinin baş məşqçisi Canni De Byazinin rəqib komandanı yaxşı analiz etdiyinə inandığını vurğulayıb: “O, öz futbolçularımızın da potensialına yaxşı bələddir. Taktiki planları oyunçulara başa salacaq. Zənnimcə, meydanda iki fərqli hissə görəcəyik. Ümid edirəm ki, bu fərqlər müsbət mənada öz nəticəsini verəcək”.
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Belçika oyunu saat 17:00-da başlayacaq.