CARİ İLDƏ DİASPOR TƏŞKİLATLARININ FƏALLIĞINI ARTIRMAQ MƏQSƏDİLƏ BİR SIRA TƏDBİRLƏR GÖRÜLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, bunu Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirmişdir.
Cari ildə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr durduğunu vurğulayan Nazim İbrahimov həyata keçirilməsi planlaşdırılan tədbirlər sırasında Avropa Azərbaycanlıları Konqresi İcraiyyə Komitəsinin təşkilatçılığı ilə Azərbaycan və türk diaspor təşkilatlarının Əlaqələndirmə Şurasının toplantısının, Almaniya - Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransının keçiriləcəyini bildirmişdir.
Bundan əlavə, Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə “Qarabağ həqiqətləri və erməni məsələsi” mövzusunda beynəlxalq simpoziumun təşkili, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının I qurultayının, həmçinin Ümumqazaxıstan Azərbaycanlılarının qurultayının keçirilməsi də planlaşdırılmışdır. Eyni zamanda, cari ildə xarici ölkələrdə yaşayan azərbaycanlı jurnalistlərin forumunun, Benilüks Azərbaycan Konqresinin II qurultayının keçirilməsi də nəzərdə tutulmuşdur.
Xarici ölkə parlament və hökumət nümayəndələrinin, ictimai xadimlərin, jurnalistlərin, habelə iş adamlarının ölkəmizə səfərlərinin təşkili, AMEA ilə birgə “Dünya Azərbaycanlılarının Xartiyası”nın layihəsinin hazırlanması da bu ilin planlarına daxildir.
Türkmənistandakı Azərbaycan diasporu ilə əlaqələri gücləndirmək və bu ölkədə Azərbaycan diaspor təşkilatının yaradılması, Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının materiallarının kitab şəklində nəşri, diaspor quruculuğu sahəsində dövlət siyasətinin müxtəlif tarixi mərhələlərini əks etdirən filmin hazırlanması, eləcə də xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarıın müdafiəsi istiqamətində işin davam etdirilməsi Dövlət Komitəsinin görəcəyi işlər sırasındadır.