“Caspian European Club”un turizm komitəsinin iclası olub
Bakı, 16 fevral, AZƏRTAC
Bakıda “Caspian European Club”un tərkibinə daxil olan turizm komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, turizm komitəsinin rəhbəri Elşən Rəhimovun sədrliyi ilə keçirilən toplantı zamanı turizm şirkətlərinin başçıları və nümayəndələri üzləşdikləri problemləri və onların həlli yollarını müzakirə ediblər.
İclasda irəli sürülən təkliflər “Caspian European Club”un hüquq komitəsi tərəfindən öyrənildikdən sonra müvafiq dövlət qurumuna göndəriləcək.
Müzakirələrin yekunu olaraq dövlət qurumları ilə işçi qrup çərçivəsində xüsusi hesabat və təkliflər paketi hazırlanacaq.
Qeyd edək ki, “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club” yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə kömək edir. Sıralarında beş mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
“Caspian European Club” iki il ərzində “Caspian American Club” və “Caspian Asian Club”u idarə edəcək.