REGİONLAR
Cəlilabadın üzüm sahələrində mövsümün nübar yığımına başlanılıb
Cəlilabad, 21 iyul, İlkin Adıyev, AZƏRTAC
Ölkəmizin üzümçülük üzrə ixtisaslaşmış rayonlarından olan Cəlilabadda mövsümün nübar yığımına başlanılıb. Bu il məhsul bol olsa da, qiymətlər bir qədər aşağıdır. Lakin hazırkı qiymətlər də fermerləri qane edir. Paytaxt bazarlarında məhsula tələbat çox olduğundan fermerlər bu il az miqdarda məhsulu xaricə çıxarıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabadda son illərdə ən çox süfrə üzüm sortlarının becərilməsinə üstünlük verilir. Səbəb isə bu üzümlərə bazarlarda tələbatın çox olmasıdır.
Uzun müddətdir ki, bu sahə ilə məşğul olan Güloğlan Əliyev deyib: “Atika” və “Viktoriya” süfrə üzüm sortlarının becərilməsi daha sərfəlidir. Çünki bu sortlar Cəlilabad iqlimində daha tez yetişir və kifayət qədər də məhsuldardır. Amma bazara ilk olaraq tez yetişən "Prima" və "Ora" sortları çıxarılıb. Məhsulumuz əsasən paytaxt bazarlarında satışa çıxarılır. Hazırda yığımı gedən "Prima" və “Ora” sortudur. Bu üzüm növləri tez yetişdiyindən bazara daha tez çıxara bilirik. “Ora” sortu ağ, “prima” sortu isə qara üzümdür. Hazırda bağlarda hər iki sortun yığımı aparılır. Qiymətlərə gəldikdə isə, növündən asılı olaraq bir kiloqram üzümün qiyməti 60 qəpiklə 1 manat arasında dəyişir. Bu da ötən illə müqayisədə müəyyən qədər aşağıdır”.
Alıcılar isə birbaşa sahələrdən üzümü alıb paytaxt və ölkənin digər rayonlarının bazarlarında satışa çıxarırlar: “Sahələrdən üzümü alıb paytaxt Bakıda satışa çıxarırıq. Hazırda tələbat çox olduğundan satışda heç bir problem yaşamırıq. Üzümü yerində 60 qəpiyə alıb, bazarda 80-90 qəpiyə sata bilirik. Əgər tələbat daha da artsa çox güman üzümün qiyməti də yüksələcək”, - deyə alıcı İsmayıl Didarov bildirir.
Cəlilabad rayonunda yetişdirilən üzüm əsasən Bakı şəhərinin və ətraf rayonların bazarlarında satışa çıxarılır. Orta hesabla bir hektarlıq sahədən 95 sentnerə yaxın məhsul əldə olunur.
Qeyd edək ki, rayonda üzüm sahəsində yığım prosesi sentyabrda yekunlaşacaq.