Cənubi Koreya ABŞ qoşunlarının saxlanmasına çəkdiyi xərci 13,9 faiz artıracaq
Pekin, 10 mart, AZƏRTAC
Cənubi Koreya ölkə ərazisindəki ABŞ qoşunlarının saxlanmasına çəkdiyi xərci 2019-cu ildəki rəqəmlə müqayisədə 13,9 faiz artıracaq.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreyanın Xarici İşlər Nazirliyi ABŞ hərbi kontingentinin saxlanma xərclərinin bölüşdürülməsinə dair ötən həftə Vaşinqtonda keçirilmiş danışıqların nəticəsində belə qərar qəbul olunduğunu açıqlayıb. Cənubi Koreya ötən ilki xərclər də daxil olmaqla ABŞ hərbi kontingentinin saxlanmasına ildə 1,03 milyard ABŞ dolları ödəməlidir. Qoşunların saxlanmasını ehtiva edən "Xüsusi tədbirlər haqqında saziş"in yaxın vaxtlarda imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ-ın Cənubi Koreyadakı 28 min 500 nəfərlik hərbi kontingentinin saxlanması xərclərinin bölüşdürülməsinə dair əvvəlki razılaşma 2019-cu ilin martında imzalanıb və həmin ilin sonunda müddət başa çatıb. Müttəfiqlərin ABŞ qoşunlarının 2020-ci il və sonrakı illər üçün saxlanması xərclərinin bölüşdürülməsi ilə bağlı ciddi fikir ayrılığı olub. ABŞ-ın sabiq Prezidenti Donald Tramp Cənubi Koreyanın ayıracağı vəsaitin 5 dəfədən çox artırılaraq 5 milyard ABŞ dollara çatdırılmasını təkid edirdi.
Tərəflər arasında xərclərin bölüşdürülməsinə dair danışıqların sonuncu mərhələsi martın 5-də Vaşinqtonda keçirilib və razılıq əldə olunub. ABŞ Dövlət Departamentinin rəsmisinin açıqlamasında deyilir ki, Birləşmiş Ştatlar və Cənubi Koreya arasında "Xüsusi tədbirlər haqqında saziş" layihəsinə dair razılığın əldə olunması müttəfiqliyi və ümumi müdafiə gücünü artıracaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin