Cənubi Koreyada çoxmərtəbəli binada güclü yanğın olub
Pekin, 9 oktyabr, AZƏRTAC
Cənubi Koreyanın Ulsan şəhərindəki 33 mərtəbəli binada baş verən güclü yanğın nəticəsində 88 nəfər tüstüdən zəhərlənərək xəstəxanalara yerləşdirilib.
AZƏRTAC Yonhap agentliyinə istinadən xəbər verir ki, yanğın yerli vaxtla səhər saat 11:07-də Ulsan şəhərindəki iş mərkəzi və mənzillərin yerləşdiyi göydələnin 12-ci mərtəbəsində başlayıb. Güclü külək yanğını ətrafa yayıb. Ərazidən yüzlərlə adam təxliyə edilib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər təxminən 2 saat sonra yanğını nəzarət altına ala bilsələr də, amma güclü külək onu tam söndürməyə imkan verməyib. Hələlik ölüm qeydə alınmayıb. Amma binada axtarış işləri aparılır.
Yanğından mühafizə xidmətinin əməkdaşları bildiriblər ki, binanın fasadının polyester materialından istifadə olunmaqla birləşdirilən alüminium panellərdən hazırlanması həm yanğının sürətlənməsinə səbəb olub, həm də onun söndürülməsinə mane olub.
Baş Nazir Çunq Sye-kyun yanğının söndürülməsi və insanların təhlükəsizliyinin təmin olunması üçün təcili və təxirəsalınmaz tədbirlərin icrası barədə müvafiq qurumlara tapşırıq verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin