Cənubi Koreyadakı ABŞ qoşunlarının saxlanma xərclərinə dair növbəti danışıqlar aparılacaq
Pekin, 13 mart, AZƏRTAC
Cənubi Koreyadakı ABŞ qoşunlarının 2020-ci il üçün saxlanma xərclərinin müəyyən edilməsinə dair danışıqların növbəti mərhələsi martın 18-19-da Los-Ancelesdə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Koreya mətbuatı hökumətin danışıqlar ərəfəsində ABŞ hərbi bazalarında çalışan təxminən 9 min koreyalının aprelin 1-də başlayacaq ödənişsiz məzuniyyət məsələsi ilə bağlı narahatlığı barədə yazır. ABŞ tərəfi Cənubi Koreyadakı qoşunların saxlanma xərcləri ilə bağlı razılaşmanın əldə edilməməsi səbəbindən koreyalı işçilərin müvəqqəti olaraq ödənişsiz məzuniyyətə buraxılacağı ilə bağlı dəfələrlə bəyanatlar verib. Ekspertlər Birləşmiş Ştatların bundan öz qoşunlarının saxlanma xərcləri ilə bağlı danışıqlarda Seula təzyiq aləti kimi istifadə etdiyini bildirirlər.
Qeyd edək ki, müttəfiqlərin ABŞ qoşunlarının 2020-ci il üçün saxlanması xərcləri ilə bağlı ciddi fikir ayrılığı var. Bu səbəbdən hələ də Birləşmiş Ştatların 28 min 500 nəfər şəxsi heyəti olan hərbi kontingentinin saxlanma xərclərinin bölüşdürülməsinə dair konkret nəticə əldə edilməyib. Vaşinqton Cənubi Koreyanın ayıracağı vəsaitin 5 dəfə çoxaldılaraq 5 milyard ABŞ dollara çatdırılmasını təkid edir. Tramp administrasiyası Cənubi Koreyadan amerika hərbçilərinin ailələrinə dəstək və birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı xərcləri ödəməyi xahiş edib. Cənubi Koreya tərəfi isə ABŞ qoşunlarının saxlanmasına ayrılan vəsaiti imkanları daxilində və ədalətli şəkildə artıra biləcəyini bəyan edib.
Seul 2019-cu il üçün ABŞ qoşunlarının saxlanmasına 1,04 trilyon Koreya vonu (təxminən 873 milyon dollar) vəsait ayrılmasına razı olmuşdu ki, bu da əvvəlki illə müqayisədə 8,2 faiz çox olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin