Çexiyada “Xocalıya ədalət – Xocalıya işıq” aksiyası keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycanın Çexiyadakı səfirliyi və Azər-Çex Cəmiyyətinin birgə təşkilatçılığı ilə Praqanın mərkəzi Namesti Miru meydanında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı “Xocalıya ədalət - Xocalıya işıq” devizi altında aksiya keçirilmişdir.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Müqəddəs Ludmila tarixi məbədinin qarşısında Xocalıya həsr olunmuş fotosərgi təşkil edilmiş, çex dilində hazırlanmış 1000-dən çox buklet və broşürlər paylanılmışdır. Tədbirlə yüzlərlə çex və xarici turist maraqlanmış, onlara ermənilərin Xocalıda törətdikləri dəhşətli cinayətlər barədə ətraflı məlumat verilmişdir.
Aksiyada çıxış edən Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov, Xocalı İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Əliyev, Ostrava şəhər muzeyinin rəhbəri David Mayer və başqaları tədbir iştirakçılarına Xocalı soyqırımı haqda ətraflı məlumat vermişlər. Xocalı faciəsi Çexiyanın Liditse şəhərində alman faşistləri tərəfindən törədilmiş hadisələrlə müqayisə olunmuşdur.
Axşam saatlarında isə meydanın mərkəzində 613 şam vasitəsilə yazılmış Xocalı sözü iştirakçılar tərəfindən simvolik olaraq yandırılmışdır. Şəhər sakinlərinin də böyük marağına səbəb olmuş bu tədbir “Sarı gəlin” mahnısının sədaları altında başa çatmışdır.