ÇİN-AZƏRBAYCAN: DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏRƏ PARLAQ NÜMUNƏ
- Cənab Səfir, Siz Azərbaycanda yarım ildən çoxdur işləyirsiniz. Bakıda ab-havaya, o cümlədən də siyasi mühitə uyğunlaşmağınız necə keçdi, Çinin diplomatik nümayəndəliyinin fəaliyyətində nəsə dəyişibmi, onun indiki öncül istiqamətləri hansılardır?
- Bakı olduqca qonaqpərvər və mehriban sakinləri olan gözəl, çox qədim tarixi bir şəhərdir. Bakı çox xoşuma gəlir. Bilirsinizmi, Çinin Azərbaycanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsi mənim üçün, bir tərəfdən, böyük şərəfdir, digər tərəfdən isə, son dərəcə məsuliyyət deməkdir. Mən hələ Xarici İşlər Nazirliyində işləyərkən Çin-Azərbaycan münasibətləri məsələlərinə kuratorluq edirdim və bu, indi buradakı işimdə kömək edir. Səfirliyimizin əsas məqsədi Çin-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərini daim irəlilətməkdən, iki ölkənin müxtəlif sahələrdə mübadilələrini və qarşılıqlı əlaqələrini dərinləşdirmək və genişləndirməkdən, çiyin-çiyinə addımlayaraq, bütün dünyada sülh və inkişaf işinə öz töhfəmizi vermək üçün hər iki dövlətin tərəqqisi və inkişafı naminə ənənəvi Çin-Azərbaycan dostluğunun rolunu gücləndirməkdən ibarətdir.
- Dünyanın qloballaşdığı şəraitdə Çin özünün milli mənafelərini dəqiq və ardıcıl surətdə qoruyur, islahatlar və açıq cəmiyyət siyasəti aparır. Bu təcrübə xüsusən, gənc müstəqil dövlətlər üçün olduqca qiymətlidir. Lütfən, ÇXR iqtisadiyyatının XXI əsrdə necə inkişaf etdiyi barədə qısaca məlumat verin.
- 1978-ci ildən başlayaraq, Çin islahatlar və açıqlıq siyasəti aparır, bunun nəticəsində həyatın siyasi, iqtisadi, sosial və digər sahələrində böyük uğurlar qazanmışdır. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, 2005-ci ildə Çinin ümumi daxili məhsulu 2,2 trilyon dollar olmuşdur ki, bu da ölkəni dünyada 4-cü yerə çıxarmışdır. Lakin sürətli iqtisadi inkişaf yeni problemlər də doğurur. Məsələn, təbii sərvətlərdən israfçılıqla istifadə edilməsi, ətraf mühitin çirkləndirilməsi və s. bu qəbildən olan problemlərdir. Bununla əlaqədar Çin hökuməti inkişaf haqqında yeni təfəkkür irəli sürmüşdür. Bu ondan ibarətdir ki, Çin davamlı inkişaf yolu ilə, yəni iqtisadi və sosial inkişaf arasında, insanla təbiət arasında ahəngdar tarazlılıq yaradılması yolu ilə getməlidir. Hazırda ölkəmiz iqtisadiyyatın sürətli inkişafından daha çox onun keyfiyyətinə, davamlı, hərtərəfli sosial-iqtisadi inkişafın gerçəkləşdirilməsinə böyük diqqət yetirir. Əminəm ki, Çin iqtisadiyyatın sürətli yüksəlişini davam etdirərək, tarazlı, sabit və hərtərəfli inkişaf yoluna çıxacaqdır.
- Azərbaycan-Çin münasibətlərinin indiki vəziyyətini, onların perspektivlərini necə qiymətləndirdiyinizi bilmək istərdik.
- Çin dünyanın bütün ölkələri ilə bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı səmərə prinsipləri əsasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə yönəldilmiş müstəqil dinc xarici siyasəti ardıcıl surətdə davam etdirir. Çin-Azərbaycan münasibətləri də məhz bu möhkəm zəmin üzərində qurulmuşdur. Ölkəmiz Çin-Azərbaycan əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. ÇXR 1992-ci ildə Azərbaycanın müstəqilliyini və suverenliyini tanımış, onunla diplomatik münasibətlər qurmuş ilk dövlətlərdən biridir. Həmin vaxtdan əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə qalxaraq, ilbəil genişlənir, dərinləşir ki, bu da öz müsbət nəticələrini verir.
Azərbaycan Prezidenti Zati-aliləri cənab Heydər Əliyev 1994-cü ildə Çinə ilk dəfə rəsmi səfər etmişdi. Həmin səfər zamanı Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin əsasları haqqında Birgə bəyanat, habelə 30-dan çox vacib sənəd imzalanmış və bunlar ikitərəfli münasibətlərin inkişafının möhkəm əsasını qoymuşdur. 2005-ci ilin martında Azərbaycan Prezidenti, Zati-aliləri İlham Əliyev Çinə rəsmi səfər etdi. ÇXR sədri Zati-aliləri Hu Szintau ilə mühüm görüşlər keçirildi və danışıqlar aparıldı, bir çox məsələyə dair vahid yanaşma əldə olundu ki, bu da ikitərəfli əlaqələrin daha da inkişafına təkan verdi. Bir sözlə, son 10 ildən çox müddətdə Çin-Azərbaycan münasibətləri durmadan dərinləşir. Çin və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı surətdə dəstəkləyir, xalqlarının öz xüsusiyyətlərinə uyğun olaraq seçdikləri inkişaf yollarına hörmətlə yanaşır, habelə müntəzəm məsləhətləşmələr keçirir və beynəlxalq aləmdə ən mühüm məsələlərdə qarşılıqlı fəaliyyət göstərirlər. Biz bir-birimizə etibar edə bilən dost tərəfdaşlarıq. Çin-Azərbaycan münasibətləri tərəfdaşlıq, qarşılıqlı fayda və dinc yanaşı yaşamaq prinsiplərinə əsaslanan dövlətlərarası münasibətlərə parlaq nümunədir.
- Enerji təhlükəsizliyi hazırda gündəlikdə olan öncül problemlərdən biridir. Məlumdur ki, Çin şirkətləri son illər Azərbaycanın neft yataqlarının işlənilməsinə getdikcə daha fəal qoşulurlar. Artıq onların fəaliyyətinin hansısa nəticələri haqqında danışmaq olarmı, şirkətlər bundan sonra da sərmayə qoyuluşuna hazırdırmı?
- Azərbaycan neft və qaz ehtiyatları ilə zəngindir, Çin isə energetikanın, neft kəşfiyyatı və hasilatının inkişafı sahəsində spesifik qabaqcıl texnologiyaya və təcrübəyə malikdir. Hər iki tərəf neft sahəsində əməkdaşlıqda ilk addımlarını atmışdır. Çinin SINOPEK və SNPC kimi nüfuzlu neft şirkətləri Azərbaycanda qurudakı neft yataqlarının yenidən işlənilməsində qismən iştirak etmişlər. Çin tərəfi gələcəkdə Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinə sərmayə qoyuluşunu artırmağa hazırdır. Əməkdaşlığın perspektivləri aydın və etibarlıdır.
Bundan əlavə, vurğulamaq istəyirəm ki, energetika sahəsində əməkdaşlığımız təkcə neft-qaz sektoru ilə məhdudlaşmır. Məsələn, bu yaxınlarda Çin Milli Elektron Avadanlığı Korporasiyası Azərbaycanın Xaçmaz şəhərində yüksəktezlikli stansiyanın tikintisi üçün elan edilmiş müsabiqədə qalib gəlmişdir. Zənnimcə, biz Azərbaycanın elektroenergetika sahəsinin yüksəlişi üçün çox iş görə bilərik.
İndi Azərbaycan sürətli iqtisadi inkişaf mərhələsindədir, elektrik enerjisinə tələbat durmadan artır. Bu baxımdan Çin yüksək texnologiyaların tətbiqinin təmin edilməsi, habelə tikilməkdə olan SES-lərə yüksəkkeyfiyyətli xidmət göstərilməsi və köhnəlmiş elektroenergetika sistemlərinin yenidən qurulması sahəsində xidmətlər təklif edə bilər. Əminəm və ümidvaram ki, bu vacib sahədə qarşılıqlı əlaqələr durmadan genişlənəcək və yaxşı nəticə verəcəkdir.
- Humanitar sahədə, məsələn, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin müasir səviyyəsinə uyğun gəlirmi?
- Mən Azərbaycana gələndə xalqınızın Çin mədəniyyətinə olan dərin məhəbbətini hiss etdim. Yadımdadır, səfirliyimiz Azərbaycanın müvafiq qurumları ilə birlikdə Çin musiqisi gecəsi təşkil etdi, Çin memarlığına həsr olunmuş konfrans keçirildi. Biz azərbaycanlı tamaşaçını milli musiqi alətlərimiz, ənənəvi Çin memarlıq sənəti ilə tanış etdik. Azərbaycanlıların Çin mədəniyyətinə sözün əsil mənasında heyranlıqla maraq göstərmələri bizi mütəəssir etmişdi.
Humanitar sahədə əməkdaşlıq münasibətlərimizin məzmununun əsas cəhətlərindən biridir. Hər iki dövlətin mədəniyyət idarələri Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı imzalanmış əməkdaşlıq proqramını fəal surətdə həyata keçirirlər.
Təhsil sahəsində də kifayət qədər səmərəli mübadilə aparılır. Hər il tərəflər tələbələrin təhsil alması üçün bir-birinə hökumətlər səviyyəsində 15 dövlət təqaüdü ayırır. Bu layihənin məzunları iki ölkənin hökumət idarələrində və diplomatik nümayəndəliklərində işləyirlər. Bundan əlavə, Çin və Azərbaycanın ali məktəblərində qeyri-hökumət xətti ilə təhsil alan tələbələrin sayı ilbəil artır. Məsələn, hazırda Bakıda 200-dən çox çinli tələbə oxuyur. Bu il Çin hökuməti 5 nəfər azərbaycanlı tələbəyə Çində təhsil almaq üçün birtərəfli qaydada təqaüd ayırmışdır. Azərbaycanlı tələbələr Çin dilinə böyük maraq göstərir və bu layihənin test imtahanlarını uğurla vermişlər. Deməliyəm ki, Çin dilinin öyrənilməsində belə yüksək fəallıq göstərilməsi məndə xoş təəssürat oyatmışdır.
Gənclər və idman sahəsində də dinamik mübadilə aparılır. Bu ilin yazında Çin boksçuları Bakıda keçirilən beynəlxalq yarışlarda iştirak etmişlər və göstərdikləri nəticələr də pis olmamışdır. Avqust ayında isə Azərbaycanın qadınlardan ibarət yığma voleybol komandası Çində Ümumdünya “Qran-pri” turnirinin iştirakçısı olmuşdur. Çin və Azərbaycanın voleybolçu qızları öz aralarında çox maraqlı görüşlər keçirmişlər. Bu yaxınlarda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Çinə səfər etmiş, 2008-ci il Olimpiadasına hazırlığın gedişi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
- Cənab səfir, icazə verin, “qalstuksuz müsahibə” silsiləsindən bir neçə qısa sualla müraciət edim. Özünüz, karyeranız, ailə üzvləriniz barədə bir qədər danışın...
- Mən peşəkar diplomatam. Universitetdə oxuyarkən ilk öyrəndiyim dil rus dili olmuşdur, ona görə də ali məktəbi bitirdikdən sonra məni Moskvaya işləməyə göndərdilər. Onda hələ sovet dövrü idi. Sonra xaricdə və Çin XİN-də müxtəlif vəzifələrdə çalışmışam. Bir çox diplomatlar üçün səciyyəvi taledir. Azərbaycanda səfir təyin olunmazdan əvvəl Xarici İşlər Nazirliyinin Avrasiya Departamenti rəisinin müavini işləyirdim. Yeri gəlmişkən, mənə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı da işləmək qismət olmuşdur. İki ölkənin rəhbərləri arasındakı səmərəli görüşlər mənə dərin təsir bağışlamışdı. Həmin səfər mənə azərbaycanlı həmkarlarımla yaxından tanış olmağa və möhkəm dostluq münasibətləri yaratmağa imkan vermişdir ki, bu da Bakıda indiki fəaliyyətimin çox mühüm təməlini qoymuşdur.
Ailəmə gəldikdə isə, adi Çin ailəsidir. Xanımım işgüzar qadındır. 17 yaşında oğlum var, gələn il ali məktəbə daxil olacaqdır. Çində ali məktəbə qəbul üçün test imtahanları insanın həyatında əlamətdar hadisədir. Məhz buna görə də xanımım heç də asan olmayan bir seçim etdi və oğlumla Pekində qalmalı oldu. Beləliklə də, müvəqqəti olaraq subaylığın sultanlığını yaşayıram...
- Hobbiniz varmı? Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Hobbim genişdir. Müasir yüksək texnologiyaların inkişafı ilə çox maraqlanıram. İmkan düşən kimi, müəssisələrə, xüsusilə də elmi tədqiqat institutlarına gedirəm. Əlbəttə, adi günlərdə daha çox mütaliə edirəm. Hazırda internet şəbəkəsi çox inkişaf etmişdir və burada səni maraqlandıran hər bir məlumatı tapmaq olar. Demək olar ki, mən internetin qızğın həvəskarıyam.
- Nə oxuyursunuz, hansı musiqiyə üstünlük verirsiniz?
- Ədəbiyyata həvəsimin dairəsi çox genişdir: klassik, müasir, dünya, Çin ədəbiyyatı, siyasi, tarixi ədəbiyyat və s. Musiqidən o qədər də baş çıxarmıram, istər klassik, müasir, estrada musiqisi olsun, istərsə də xalq musiqisi, fərqi yoxdur, hamısı xoşuma gəlir. Başlıcası odur ki, musiqi ürəyə yatsın.
- Pekin Olimpiadası ərəfəsində Çin idmançıları beynəlxalq yarışlarda getdikcə daha böyük uğurlar qazanırlar. Bəs Sizin idmanla əlaqəniz necədir, sevimli idman növünüz hansıdır?
- Son illər Çin idmanının səviyyəsi sürətlə yüksəlir. Böyük uğurlar da var. İdmançılarımızla çox fəxr edirəm. O ki, qaldı şəxsən mənə, idmanı çox sevirəm, amma hələ məktəb illərindən elə bir idman qabiliyyətim olmayıbdır. Futbola həvəslə baxıram, ancaq təəssüf ki, özüm futbol oynamağı bacarmıram. Ümumiyyətlə, sevimli idman növüm qaçışdır. Asudə vaxtlarımda həmkarlarımla stolüstü tennis oynamağı xoşlayıram.
- Qafqaz yeməkləri ilə aranız necədir? Özünüz bir şey bişirə bilirsinizmi?
- Sözün düzü, Qafqaz mətbəxinin incəliklərindən və xüsusiyyətlərindən hələlik çox da baş çıxarmıram. Amma bircə şeyi qətiyyətlə deyə bilərəm: burada xeyli restoranda olmuşam və bütün xörəklər xoşuma gəlmişdir, xüsusən də qoyun ətindən kabab və balıq kababı. Hər dəfə də o qədər yeyirəm ki, hətta deyəsən, bir az kökəlmişəm. Biş-düş bacarığıma gəldikdə isə, mübaliğəsiz deyə bilərəm ki, heç kim mənə heç nə hazırlamasa da, ac qalan deyiləm. Düzdür, bişirdiyimi dostlara təklif etsəm, onların razı qalacağına əmin deyiləm...
- İnsanlarda ən çox hansı keyfiyyətləri qiymətləndirirsiniz? Nəyi qəbul etmirsiniz?
- İnsanlarda, ilk növbədə, düzlüyü, tolerantlığı və başa düşülməni qiymətləndirirəm. Nəyi qəbul etmirəm? Zalımlığı, xudpəsəndliyi və etibarsızlığı.
- Cənab səfir, müsahibəyə görə sağ olun, sizi bayram münasibətilə bir daha təbrik edirəm.