Çin polisləri Parisdə öz vətəndaşlarını qoruyacaqlar
Bakı, 14 may (AZƏRTAC). Çin polisləri Parisdə ÇXR-dən olan varlı turistlərə hücumların qarşısını almaq məqsədilə yerli həmkarları ilə birlikdə keşik çəkəcəklər.
Fransanın hakimiyyət orqanları çoxsaylı dəbli butikləri gəzib-dolaşmaq və Parisin görməli yerləri ilə tanış olmaq üçün hər il paytaxta gələn bir milyondan çox çinli turistin təhlükəsizliyini gücləndirmək qərarına gəlmişlər.
Polisdən “Business Insider” portalına bildirmişlər: “Çinlilərin özləri ilə böyük məbləğdə pul gəzdirmələri onları oğrular üçün cəlbedici obyektə çevirmişdir”.
Çinli turistlər alış-verişə təqribən 1500 avro xərcləyir, əsasən, bahalı geyimlər alırlar.
Fransa Daxili İşlər Nazirliyindən bildirmişlər ki, Paris küçələrində keşik çəkəcək çinli polislərin sayı hələlik müəyyən olunmamışdır. Onların rolu oğurluq hallarına dərhal reaksiya göstərməkdən ibarət olacaqdır. Çinli polislər küçələrdə, turistlərin ən çox toplaşdıqları yerlərdə Fransa polisləri ilə birlikdə keşik çəkəcəklər. Belə bir qərarı qəbul etməyə çinli turistlərin kütləvi oğurluq halları üzləşməsi səbəb olmuşdur: 23 çinli turist Parisə gəldikdən sonra cəmi bir neçə saat ərzində qarət edilmişdir.
Çinin “Chine Tourisme” turizm agentliyinin meneceri Tanq Lu demişdir: “Bu, səbir kasasını daşdıran sonuncu damla oldu. Cibgirlik halları həmişə olmuşdur, lakin çinli turistlərə hücum hallarının sayı əvvəlki illərə nisbətən ötən il daha da artmışdır”.