ÇİN XALQ-AZADLIQ ORDUSUNUN YARADILMASININ 79-CU İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
Mərasimdə respublikamızın hökumət nümayəndələri, Milli Məclisin deputatları, ölkəmizdəki diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dövlət himnləri səsləndirildi.
İştirakçıları səmimiyyətlə salamlayan ÇXR-in ölkəmizdəki səfirliyinin hərbi attaşesi Tzin Çjitsianq təmsil etdiyi ordunun tarixindən, Azərbaycanla hərbi əməkdaşlıqdan, perspektiv planlardan danışdı. Qeyd etdi ki, Çin və Azərbaycan bir-birilərinin müstəqilliyini və ərazi bütövlüyünü tanıyır, dövlətlərimiz arasındakı hərbi əməkdaşlıq dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov bayram münasibətilə iştirakçıları təbrik edib, ölkələrimiz arasında hərbi əməkdaşlıqdan danışdı.
Bildirdi ki, azərbaycanlı zabitlərin Çində hərbi təhsil alması, eləcə də ixtisas kursları keçməsi hərbi əməkdaşlığın əsasını təşkil edir.
Mərasim şam süfrəsi arxasında davam etdirilmişdir.