Çin XİN: ABŞ-ın hərəkətləri dialoqa hazır olduğunu göstərmir
Bakı, 8 aprel, AZƏRTAC
Əlavə rüsum siyasəti Birləşmiş Ştatların dialoqa hazır olduğunu göstərmir.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tzyan bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“Vaşinqtonun hərəkətləri onun ciddi dialoqa hazır olduğunu əks etdirmir. Əgər ABŞ müzakirələrə həqiqətən hazır olsaydı, siyasətini bərabərlik və qarşılıqlı hörmət üzərində qurardı. Birləşmiş Ştatlar iki ölkənin və beynəlxalq ictimaiyyətin maraqlarına məhəl qoymamaq, tarif və ticarət müharibəsini davam etdirmək qərarına gəlsə, Çin buna sonadək cavab verəcək”, - deyə Lin Tzyan bildirib.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına əlavə gömrük rüsumunun tətbiq olunacağını deyib. Bundan əlavə, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunacaq avtomobillərə 25 faizlik gömrük rüsumu tətbiq edib. Tariflər elan olunduqdan sonra “S&P 500” indeksi şirkətlərinin bazar kapitallaşması iki gün ərzində təxminən 5 trilyon dollar itirib.