İDMAN
ÇİNGİZ HÜSEYNZADƏ İSLAM ÖLKƏLƏRİ İDMAN HƏMRƏYLİK TƏŞKİLATININ VİTSE-PREZİDENTİ SEÇİLMİŞDİR
Bakı, 1 sentyabr (AZƏRTAC). Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İslam Ölkələri İdman Həmrəylik Təşkilatının Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən altıncı Baş Assambleyasında bu qurumun vitse-prezidenti seçilmişdir.
MOK-dan bildirmişlər ki, Baş Assambleyada iştirakçıların böyük əksəriyyəti Ç.Hüseynzadənin bu vəzifəyə seçilməsi üçün səs vermişlər. Beləliklə, Ç.Hüseynzadə 2013-cü ilədək bu qurumun vitse-prezidenti vəzifəsini icra edəcəkdir.
Assambleyada təşkilatın İcraiyyə komitəsinin rəhbərliyi və üzvləri də seçilmişdir.
Dünyada böyük nüfuza malik olan İslam Ölkələri İdman Həmrəylik Təşkilatı İslam Konfransı Təşkilatının 1981-ci ildə Məkkədə keçirilmiş konqresinin qərarı ilə yaradılmışdır. Təşkilatın əsas məqsədi İslam ölkələrində idmanın və Olimpiya hərəkatının inkişaf etdirilməsi, bu ölkələr arasında əməkdaşlığı möhkəmləndirməkdir. Qurum 4 ildən bir İslam Həmrəyliyi oyunlarını təşkil edir. Bu oyunları İslam Ölkələrinin Olimpiadası da adlandırırlar.
Baş assambleyada ikinci İslam Oyunlarını 2010-cu ilin aprelində keçirmək qərara alınmışdır.