DÜNYA
Çinli milyarder Londonda həbs olunub
Bakı, 13 dekabr, AZƏRTAC
London polisi çinli milyarder, Guangzhou R&F Properties daşınmaz əmlak kompaniyasının idarə heyətinin sədri və baş direktoru Çjan Lini həbs edib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə kompaniya Çinin WeChat sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat dərc edib.
“Çjan Li Çində San-Fransisko şəhərinin ictimai xidmətlər departamentinin rəhbərləri üçün rüşvət qismində ziyafət təşkil etməsi, həmçinin onları öz hesabına mehmanxanada yerləşdirməsi ilə bağlı xəbər əsasında saxlanılıb”, - məlumatda belə deyilir. Kompaniyanın bəyanatında, həmçinin qeyd olunur ki, Guangzhou R&F Properties "bu yalan xəbərlə" əlaqədar hüquqi tədbirlər görməyi planlaşdırır.
Hazırda milyarder 15 milyon funt sterlinq (təxminən 18,4 milyon dollar) girov müqabilində sərbəst buraxılıb. Britaniya məhkəməsi onun ABŞ-a ekstradisiyası məsələsinə baxmaqda davam edir.
“Forbes” jurnalının məlumatına görə, 69 yaşlı Çjan Li təxminən 2,2 milyard dollar sərvətə sahibdir.