Coğrafiyaçı-alim: Ölkəmizdə suyun qənaətlə işlədilməsinə böyük ehtiyac duyulur
Bakı, 20 aprel, AZƏRTAC
Arid iqlim zonasında yerləşən Azərbaycan Respublikası ərazisində yağıntıların il ərzində qeyri-bərabər paylanması iqlim şəraitindən asılı olaraq ayrı-ayrı regionlarda su qıtlığı problemi yaradıb. Azərbaycan çaylarının su ehtiyatları 30,9 kubkilometrə yaxındır. Onun 20,6 kubkilometri qonşu ərazilərdən respublikamıza daxil olur. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdüdlarından formalaşır. Azərbaycanın özündə formalaşan axım isə 10,3 kubkilometrdir ki, bunun da 3,13 kubkilometri Xəzərə birbaşa tökülən çayların illik axımı hesabınadır. Azərbaycanda su təminatının yaxşılaşdırılmasında, respublika əhalisinin suya olan tələbatının ödənilməsində Böyük Qafqazın cənub və cənub-şərq yamac çaylarının da rolu böyükdür. Respublikamızın cənubunda yerləşən dağların da içməli su ehtiyatı kifayət qədərdir. Artıq düşmən işğalından azad olunmuş torpaqlarımızın (Kiçik Qafqaz dağlarının) yeraltı sularından da istifadə olunmağa başlanıb.
Bu barədə AZƏRTAC-a akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiyası şöbəsinin aparıcı elmi işçisi coğrafiya elmləri üzrə fəlsəfə doktoru, dosent Ülkər Mahmudova məlumat verib.
Ü.Mahmudova bildirib ki, Qafqazın arid iqlim zonasında yerləşən Azərbaycan qonşu dövlətlərlə müqayisədə yerli su ehtiyatları ilə zəif təmin olunub. Yeraltı içməli şirin suyun istismar ehtiyatları 129 kubmetr saniyə olduğu halda, onlardan faktiki istifadə səviyyəsi 17 kubmetr saniyədır ki, bunun da 21 faizi mərkəzləşdirilmiş su kəməri vasitəsilə istifadəyə verilir. Yeraltı içməli su ehtiyatları əsasən, Samur-Dəvəçi, Şəki-Zaqatala, Gəncə-Qazax, Mil-Qarabag, Cəbrayıl və Naxçıvan dagətəyi düzənliklərdə toplanıb. Əhalinin məişət və təsərrüfat sahələrində işlədilən suya qənaətlə yanaşılmasına və mühafizəsinə respublikada böyük ehtiyac duyulur.