Coğrafiyanın müasir problemləri haqqında beynəlxalq konfrans keçiriləcək
Bakı, 12 sentyabr, AZƏRTAC
Noyabrın 22-23-də Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası” mövzusunda II beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Konfransın təşkilatçıları Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Bursa Uludağ Universiteti, Qırğızıstan Təhsil Akademiyası, Özbəkistanın Cizzax Dövlət Pedaqoji İnstitutu, Moldovanın Tiraspol Dövlət Universiteti və Rusiya Federasiyasının Dağıstan Dövlət Texniki Universitetidir.
Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransın işi “Landşaftlardan istifadənin müasir vəziyyəti”, “İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri”, “Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, ekoloji problemləri”, “İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı”, “Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri”, “Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri” bölmələri üzrə təşkil olunacaq. Konfransda, həmçinin “Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi”, “Mədəni-irs turizminin potensial imkanları”, “Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları”, “Elm və təhsilin inteqrasiyası istiqamətində mövcud problemlər”, “Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri” bölmələri təşkil ediləcək.
Konfransa məqalələrin qəbulu noyabrın 12-dək davam edəcək.