ELM VƏ TƏHSİL
COP29 çərçivəsində Azərbaycanda olan amerikalı jurnalist Ədəbiyyat Muzeyini ziyarət edib
Bakı, 12 noyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qeydiyyatdan keçənlər sırasında dünyanın əksər ölkələrini təmsil edən mətbuat nümayəndələri də yer alıb. Media nümayəndələri arasında qonaq olduqları ölkənin tarixi, ədəbiyyatı və mədəniyyəti ilə yaxından tanış olmaq istəyənlər də var. Onlardan biri - ABŞ-dan olan jurnalist Lyuk Hardi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Muzeyin direktoru akademik Rafael Hüseynov qonağı maraqlandıran çoxsaylı sualları cavablandırıb və muzeyin nəşr etdiyi kitablardan ona hədiyyə edib.
Muzeyin elmi işçisi Aymən Həsənova jurnalist Lyuk Hardini ekspozisiya ilə tanış edib. Amerikalı jurnalist Lyuk Hardi Azərbaycanın qədim və orta əsrlər tarixinə aid nadir eksponatlara xüsusi maraq göstərib. O, muzeydə gördüklərindən geniş məqalə yazacağını və mətbuatda işıqlandıracağını bildirib.
Sonda amerikalı jurnalist Ədəbiyyat Muzeyinin rəylər və təəssüratlar kitabına ürək sözlərini yazıb. Lyuk Hardi qeyd edib ki, Azərbaycana gəlişinin hələ ilk günlərinin olmasına baxmayaraq, Ədəbiyyat Muzeyində gördükləri onda artıq bu xalqın qədim tarixi, mədəniyyəti, adət və ənənələri haqqında dolğun təsəvvür yaradıb. O, bu muzeyi Azərbaycanı layiqincə təqdim etməyə qadir olan sərvətlər xəzinəsi kimi dəyərləndirib.