COP29
COP29 çərçivəsində suvarma və içməli su təchizatına dair yan tədbir keçirilib
Bakı, 13 noyabr, AZƏRTAC
COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi "Suvarma və içməli su təchizatı üçün icma səviyyəli həll variantları" mövzusunda panel müzakirəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə QHT nümayəndələri, ekspertlər və icma üzvləri iştirak ediblər.
Panel müzakirəsi zamanı su qıtlığı ilə bağlı problemlərin həlli və qarşısının alınması yolları geniş müzakirə olunub.
İştirakçılar su resurslarının səmərəli idarə edilməsi, itkilərin minimuma endirilməsi və suyun yenidən istifadəsi üçün texnoloji yeniliklərin əhəmiyyətindən bəhs ediblər. Eyni zamanda, su mənbələrinin dayanıqlığının təmin edilməsi məqsədilə ekosistemlərin qorunması, əhalinin su istifadəsi haqqında maarifləndirilməsi və hüquqi tənzimləmələrin gücləndirilməsi kimi strategiyaların vacibliyi vurğulanıb. Bu tədbirlərin su qıtlığının uzunmüddətli həlli üçün əsas addımlar olduğu qeyd edilib.