Cüdo üzrə Azərbaycan millisinə yeni məşqçilər təyin edilib
Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 10-da Azərbaycan Cüdo Federasiyasında (ACF) vitse-prezident Sadıq Sadıqovun sədrliyi ilə iclas keçirilib.
AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, iclasda cüdo üzrə kişilərdən ibarət milli komandaya yeni təyinatlar olub. Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev cüdo millimizin baş məşqçisi, Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev isə onun köməkçiləri təyin olunublar. Bundan sonra böyüklər və gənclərdən ibarət komandaların birlikdə məşq etməsi qərara alınıb. Yeni təyin olunan məşqçi heyəti hər iki komandaya nəzarət edəcək.
S.Sadıqov cüdo üzrə milli komandamızın “Rio-2016”dan “Tokio-2020”dək olan dövrdə respublika və beynəlxalq səviyyəli təlim-məşq toplanışlarında iştirakının federasiya tərəfindən yüksək səviyyədə təmin edildiyini bildirib. O, cüdoçularımızın bu dövrdə keçirilən Avropa və dünya çempionatlarında, eləcə də “Böyük dəbilqə” və Qran-Pri turnirlərində mübarizə apardıqlarını diqqətə çatdırıb. Vitse-prezident yeni məşqçilər heyətində yer alan mütəxəssislərin həm idmançı, həm də məşqçi kimi təcrübəyə malik olduqlarını vurğulayıb və bunun komandanın uğurlar qazanmasında önəmli rol oynayacağına inandığını bildirib. Federasiyanın vitse-prezidenti yeni təyinat alan məşqçilər heyətini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Cüdo üzrə kişilərdən ibarət yığma komandanın yeni baş məşqçisi M.Mirəliyev göstərilən etimada görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib. O, milli komandamızın böyük uğurlara imza atacağına ümidvar olduğunu söyləyib.
İclasda Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və baş katibin müavini Elnur Əşrəfoğlu iştirak ediblər.
Xatırladaq ki, Azərbaycanın cüdo millisinin sabiq məşqçi heyəti komandanın Tokio Olimpiadasındakı uğursuz çıxışı ilə əlaqədar avqustun 2-də tam tərkibdə istefaya göndərilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri komandadan uzaqlaşdırılıb.