DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ YALNIZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLL OLUNMALIDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da Milli Məclisdə deputatların, qeyri-hökumət təşkilatlarının, yerli ekspertlərin və ölkəmizdə səfərdə olan Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsi üzvlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada Cənubi Qafqazda cərəyan edən hadisələr, Avropa ölkələrinin və Azərbaycanın bu proseslərə münasibəti, regional təhlükəsizlik, Azərbaycan ilə Qərbi Avropa İttifaqı Assambleyası arasında əlaqələrin inkişaf perspektivləri və digər məsələlər müzakirə olunmuşdur.
Sonda tədbirin nəticələrinə dair mətbuat konfransı keçirilmişdir.
Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsi sədrinin müavini Maykl Hənkok demişdir ki, geniş tərkibli nümayəndə heyətinin səfərinin məqsədi Azərbaycanda gedən proseslərlə yaxından tanış olmaq, rəsmi Bakının Cənubi Qafqaz regionundakı proseslərə münasibətini öyrənməkdir. Nümayəndə heyəti olduqca səmərəli görüşlər keçirmişdir. Qonaq dəyirmi masanın son dərəcə səmərəli olduğunu bildirmişdir. Müzakirələrdə dövlət, hökumət üzvləri və deputatlarla yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak etmişlər. Bu tədbir Qərbi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı baxımından da xüsusi əhəmiyyət kəsb edir. İndi biz Azərbaycanı sabit ölkə kimi dəyərləndiririk. Bir daha əmin olduq ki, Azərbaycan regionda lider dövlət olmaqla yanaşı, Qərblə Şərq arasında körpü rolunu oynayan demokratik, tolerant ölkədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq demişdir ki, bu problem yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistan tərəfi anlamalıdır ki, münaqişənin həllinin yubanması heç kimə, ilk növbədə bu dövlətin özünə sərf etmir. Bu gün Ermənistanda inflyasiya 50 faizdən çoxdur, əhali gündən-günə kasıblaşır. Amma Ermənistan bunu başa düşüb təcavüzkar siyasətindən əl çəkib işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etsə, bir çox regional layihələrin iştirakçısı ola bilər.
Maykl Hənkok onu da bildirmişdir ki, Qərbi Avropa İttifaqı Assambleyası, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar və onların Parlament Assambleyaları Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha bəyan etməli və Ermənistana qarşı mövqelərinə yenidən baxmalıdırlar.