DAĞLIQ QARABAĞDA KEÇİRİLƏN ŞAHMAT TURNİRİNƏ BEYNƏLXALQ STATUS VERİLMƏYƏCƏK
Kirsan İlyumjinov Xankəndidə şahmat turnirinin ləğv olunması barədə Ermənistan Şahmat Fedrasiyasına rəsmi məktub göndərdikdən sonra turnirin keçirilməsi təşəbbüsünü Ermənistan Şahmat Akademiyası və üzdəniraq “Dağlıq Qarabağ Respublikasının” separatçı rəhbərliyi öz üzərinə götürmüşdür. Aynur Sofiyeva vurğulamışdır ki, Azərbaycan Şahmat Federasiyası iştirakçı ölkələrin şahmat federasiyalarına məktub göndərərək, turnirdə yarışacaq həmin şahmatçılara qarşı sanksiyalar tətbiq olunmasını tələb etmişdir. Gürcüstan Şahmat Federasiyası azərbaycanlı həmkarlarının diqqətinə çatdırmışdır ki, Gürcüstan şahmatçısı ilə bağlı tədbirlər görüləcək və o, ölkə yığmasının tərkibinə daxil edilməyəcəkdir.
Yaranmış vəziyyətə tam aydınlıq gətirmək üçün martın sonunda Bakıda Kirsan İlyumjinovun iştirakı ilə FİDE Prezident Şurasının növbədənkənar iclası olacaqdır. Aynur Sofiyevanın sözlərinə görə, Ermənistan Şahmat Federasiyası guya turnirə heç bir aidiyyəti olmadığını bildirsə də, federasiya rəhbərliyinin turnirə təbrik məktubu göndərdiyi məlumdur. Növbədənkənar iclasda Ermənistan Şahmat Federasiyasına qarşı sanksiyalar tətbiq edilməsi məsələsinə də baxılacağı gözlənilir.