Daha güclü Azərbaycan naminə yeni hədəflərə doğru
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan postmüharibə dövründə bütün çağırışlara hazırlıqlı olduğunu nümayiş etdirir. 2022-ci ilin altı ayının nəticələri və göstəriciləri də bu reallığı təsdiqləyir. Sosial-iqtisadi inkişafın davam etməsi, ölkənin beynəlxalq nüfuzunun artması, dünya siyasətində mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, başqa sözlə, xalq-iqtidar birliyinin güclənməsi Azərbaycanın regional güc mərkəzi kimi strateji hədəflərə doğru əmin addımlarla irəlilədiyini göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.
“Prezident İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bu məsələlərə toxundu, çox mühüm mesajlar verdi. Dövlətimizin başçısı sosial-iqtisadi inkişaf, strateji diplomatiya siyasəti, regional təhlükəsizlik, postmüharibə dövründə quruculuq prosesi, Böyük Qayıdış və digər məsələlər haqqında önəmli nüanslara diqqət yetirdi, nəticələrdən, nailiyyətlərdən, hədəflərdən və perspektivlərdən söz açdı.
Azərbaycan Prezidenti yeni dönəmin, daha dəqiq desək, inkişafın yeni mərhələsinin anonsunu verdi. Yeni şəraitdə ölkəmiz strateji məqsədlərə çatmaq uğrunda inamla addımlayır. Ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında parlaq perspektivlər açılıb. Xüsusilə də dünyada yeni geosiyasi nizamın yarandığı şəraitdə Prezident İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizin regionda və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək”, - deyə komitə sədri vurğulayıb.
S.Novruzov bildirib ki, Azərbaycan yeni dönəmdə də güclüdür, çağırışlara hazırdır, nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq iqtidarındadır. Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın regionda sülh və etimad quruculuğu ilə əlaqədar prinsipial mövqeyini qətiyyətlə bəyan etdi. Dövlətimizin başçısı, həmçinin ciddi xəbərdarlıq etdi ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir. Əks halda, Azərbaycan müvafiq tədbir görəcək.
Komitə sədrinin sözlərinin görə, uğurlu xarici siyasət ölkəmizin dostlarının və tərəfdaşlarının sayının artmasını şərtləndirib. Azərbaycanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda mövqeyinin möhkəmlənməsi, Avropa İttifaqı və bir sıra digər təşkilatlarla tərəfdaşlıq münasibətlərinin inkişafı müsbət və təqdirəlayiq haldır. Digər tərəfdən, sosial siyasət uğurla davam etdirilir, həssas təbəqədən olan insanlar, xüsusilə şəhid ailələri, qazilər bundan sonra da etibarlı müdafiə olunacaqlar.
Dünya iqtisadiyyatında geriləmə, tənəzzül və böhran müşahidə edilsə də, dayanıqlı iqtisadi sistem yaratmış Azərbaycan qlobal maliyyə şoklarına hazırdır və bizim sosial-iqtisadi bazamız təhlükəsizlik çətiri funksiyasını yerinə yetirir.
“Beləliklə, yeni reallıqlar və çağırışlar fonunda Azərbaycan milli məqsədləri, strateji hədəfləri reallaşdırmaq əzmində və niyyətindədir. Buna heç kimin şübhəsi olmaz. Sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyev vədlərini yerinə yetirir və yetirəcək. Daha güclü Azərbaycan naminə! Dövlətimizin başçısının vurğuladığı kimi, biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, bütün sahələrdə onu yerinə yetirmişik, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın”, - deyə Siyavuş Novruzov vurğulayıb.