DAK DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, bu fikir Dünya Azərbaycanlıları Konqresinin yeni seçilmiş sədri, Edinburq Universitetinin professoru Qulamrza Səbri-Təbrizinin iyulun 17-də keçirdiyi mətbuat konfransında səslənmişdir.
Qulamrza Səbri-Təbrizi demişdir ki, iyulun 7-8-də Almaniyanın Köln şəhərində DAK-ın doqquzuncu qurultayı keçirilmişdir. 20 ölkədən 250 nümayəndənin iştirak etdiyi qurultayda yeni sədr seçkisi ilə yanaşı, struktur dəyişikliyi də edilmişdir. Yeni nizamnaməyə əsasən məclis ləğv edilmiş, əvəzində 17 nəfərdən ibarət idarə heyəti yaradılmışdır. İdarə heyətinə Avropa və Amerika ölkələrindən 9 nəfər, MDB dövlətlərindən 4, Azərbaycandan isə 4 nəfər seçilmişdir.
DAK Azərbaycanın milli dövlətçilik maraqlarını əsas götürməklə, xalqımızın adət-ənənələrinin dünyada tanıdılmasında, eləcə də üzləşdiyi problemlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında, azərbaycanlıların hüquqlarının müdafiəsində səylərini artıracaqdır. Qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı silsilə tədbirlər planı hazırlamışdır. DAK rəhbəri demişdir ki, erməni diasporunun yalan və iftiralarının qarşısının alınması və problemin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Edinburq Universitetində azərbaycanlı alim və ziyalıların iştirakı ilə seminar keçirilməsi nəzərdə tutulmuşdur. Dağlıq Qarabağ münaqişəsinə həsr olunan belə seminarların Fransada, Avropanın digər ölkələrində, MDB-də, eləcə də ABŞ-da keçirilməsi də planlaşdırılmışdır.
Sonra DAK sədrinin müavinləri, idarə heyətinin bəzi üzvləri çıxış etmiş, görüləcək işlərdən danışmış, problemlərdən söz açmışlar.