DANİMARKADA KEÇİRİLƏCƏK GÜLƏŞ ÜZRƏ DÜNYA ÇEMPİONATININ PROQRAMI BƏLLİ OLMUŞDUR
Bakı, 18 sentyabr (AZƏRTAC). Sentyabrın 21-dən 27-dək Danimarkanın Herninq şəhərində keçiriləcək dünya çempionatının proqramı artıq bəlli olmuşdur. Çempionatın birinci günü - 21 sentyabrda 55, 66 və 96 kq çəki dərəcəsində, sentyabrın 22-də isə 60, 84 və 120 kq çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. 74 kq çəki dərəcəsində sərbəst güləşçilər
isə sentyabrın 23-də mübarizəyə qoşulacaqlar.
Qadın güləşçilərimiz sentyabrın 23, 24 və 25-də medal uğrunda mübarizə aparacaqlar. Müvafiq olaraq 48 və 51 kq çəki dərəcəsində güləşçilər sentyabrın 23-də, 55, 59 və 63 kq çəki dərəcəsində güləşçilər sentyabrın 24-də, 67 və 72 kq çəki dərəcəsində güləşçilər isə ayın 25-də öz qüvvələrini sınayacaqlar.
Yunan-Roma güləşi üzrə yığma komandamızın dünya çempionatında keçirəcəyi görüşlər sentyabrın 25-dən başlayacaq. İlk olaraq 55 kq çəki dərəcəsində güləşçilər xalça üzərinə çıxacaq. Sentyabrın 26-da 60, 84 və 96 kq çəki dərəcəsində, yarışların son günündə isə 66, 74 və 120 kq çəki dərəcəsində pəhləvanlar medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, dünya çempionatının keçiriləcəyi Herninq şəhərinə sərbəst güləş üzrə yığma komandamız sentyabrın 19-da, qadın güləşçilərimiz 21-də, yunan-Roma güləşçilərimiz isə sentyabrın 23-də yola düşəcəklər.
Azərbaycan yığma komandasının heyətinə sərbəst güləş üzrə Namiq Sevdimov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Camsulvara Camsulvarayev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq), Əli İsayev (120 kq), qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq), Sona Əhmədli (55 kq), Yuliya Radkeviç (59 kq), Olesya Zamula (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq), Dina İvanova (72 kq), yunan-Roma pəhləvanlarından isə Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Fərid Mansurov (66 kq), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (84 kq) və Denis Mişin (96 kq) daxil olmuşlar.