Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
Daşkənd, 15 iyun, АZƏRTAC
Daşkənddə “Mərkəzi Asiya, Qafqaz, Əfqanıstan, Monqolustan” VI Regional Forum keçirilib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Mərkəzi Asiya və Qafqaz (MAQİ) İnstitutu və Ramsveld Fondunun təşəbbüsü ilə keçirilən forumda dünyanın 25 ölkəsindən 300-dən çox nümayəndə iştirak edib.
Ölkəmizi bu nüfuzlu tədbirdə Xarici İşlər nazirinin müavini, səfir, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, həmin ali məktəbin prorektoru Fariz İsmayılzadə və Bakıdakı Qafqaz Strateji Tədqiqatlar İnstitutunun direktoru Eldar İsmayılov təmsil ediblər.
MAQİ-nin sədri Frederik Starr bildirib ki, son altı ildə forum Mərkəzi Asiya və Qafqaz dövlətlərinin gənc liderlərinin, işgüzar adamlarının, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin görüş yerinə çevrilib.
Forumda regional ticarət, nəqliyyat, sərmayələrin cəlb olunması, regional iqtisadi və işgüzar əlaqələrin yaradılması, sahibkarlıq, innovasiya, insan kapitalı, turizm, postsovet məkanında təhsil problemləri, təhsil sahəsində islahatlar, universitetlərin təşəbbüsləri, həyata keçirdiyi layihələr və digər mövzularda müzakirələr aparılıb.
Fariz İsmayılzadə forumdakı çıxışında ADA Universitetinin həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri, Azərbaycanda təhsil sahəsində yeniliklər, dövlətin təhsil strategiyası haqqında ətraflı məlumat verib. O deyib: “Keçən il bu forum ADA Universitetində keçirilib. Burada toplaşanların çoxu Bakı forumunda iştirak edib və bizim universitetin dünya standartları səviyyəsindəki fəaliyyəti ilə tanış olublar. Bu tədbirdə universitetlərin gücləndirilməsi, ali məktəblərin Qərb sisteminə, beynəlxalq standartlar səviyyəsinə çatdırılması istiqamətində də geniş müzakirələr aparıldı”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd