SİYASƏT
DAŞKƏNDDƏ YAŞAYAN SOYDAŞIMIZ DOKTORLUQ DİSSERTASİYASINI UĞURLA MÜDAFİƏ ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddə yaşayan soydaşımız, Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası idarə heyətinin üzvü, diasporumuzun fəallarından biri Almaz Məcidova Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetində “Antropokosmizm yeniyetmələrin yaradıcılıq prosesində ekoloji təhsilin və tərbiyənin əsası kimi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
Müdafiədə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbərləri iştirak etmişlər.
Almaz Məcidova Daşkənd Dövlət Aviasiya İnstitutunda kafedra müdiri işləyir. Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası idarə heyətinin üzvü kimi böyük ictimai iş aparır. A.Məcidova Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultaylarının iştirakçısı olmuşdur.
Onun valideynləri Türkmənistanda yaşamış, sonra tale onu Özbəkistana gətirmişdir. O, Daşkənd Politexnik İnstitutunu bitirdikdən sonra bir müddət Çkalov adına Aviasiya İstehsalat Birliyinin konstruktor bürosunda işləmiş, bir sıra rəhbər vəzifələrdə çalışmışdır.