Daxili Qoşunlarda hərbi intizamın vəziyyətinə həsr olunmuş iclas keçirilib

Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Müdafiə Məsələləri üzrə Köməkçisi Xidmətinin baş məsləhətçisi, general-mayor Rövşən Tapdıqov, Baş İdarənin şöbə və xidmət rəisləri, hərbi hissələrin komandirləri, komandirlərin tərbiyə işləri üzrə müavinləri və tərbiyə bölmələrinin rəisləri iştirak ediblər.
Hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələr barədə mənəvi - psixoloji hazırlıq şöbəsinin rəisi, polkovnik Mətləb Qənbərovun məruzəsi dinlənilib.
Məruzədə bildirilib ki, cari ildə qoşunların şəxsi heyəti ilə tərbiyə işi qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, nizamnamədənkənar münasibətlərin və xəsarətalma hallarının qarşısının alınmasına yönəldilib. Qeyd olunub ki, xidməti döyüş tapşırıqlarının xüsusiyyəti nəzərə alınmaqla onların müvəffəqiyyətlə yerinə yetirilməsində psixoloji dözümlüyün artırılmasına, xidmətin keyfiyyətlə aparılmasında komandir və rəislərin şəxsi nümunə göstərmələrinə xüsusi diqqət yetirilib, şəxsi heyətin ictimai-siyasi hazırlığının daha da artırılmasına önəm verilib. Bu məqsədlə müntəzəm olaraq hərbi intizamın vəziyyəti və keçirilən tərbiyə işi tədbirləri nəzarətdə saxlanılıb, hər ay təhlil edilərək, Daxili Qoşunların Komandanlığına məruzə olunub, müvafiq tövsiyələr verilib.
Sonra Hərbi Şuranın iclasında bir sıra hərbi hissələrin komandirləri və onların tərbiyə işləri üzrə müavinləri dinlənilib. Dinləmələr zamanı çıxış edənlər Hərbi Şuranın üzvlərinin mövcud nöqsanlar, onların yaranma səbəbləri, baş vermə şəraitləri ilə bağlı suallarına izahat verib, bu nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün görülməsi zəruri olan tədbirləri məruzə ediblər.
Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov yekun nitqi söyləyərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar ötən müddət ərzində ictimai asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanıb, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.
Komandan qeyd edib ki, ötən dövr ərzində qoşunlarda şəxsi heyətlə tərbiyə işinin təşkilində nailiyyətlər əldə edilib, dövlət əhəmiyyətli əlamətdar tədbirlər icra olunub, ümumilikdə bu istiqamətdə mühüm işlər həyata keçirilib.
Hərbi intizamın möhkəmləndirilməsi sahəsində nailiyyətlərin qazanıldığını vurğulayan general-mayor Ş.Məmmədov qarşıda duran əsas vəzifələrin icrasının daha yüksək səviyyədə təmin edilməsi məqsədilə hərbi hissələrdə və bölmələdə tərbiyə işi tədbirlərinin keyfiyyətlə həyata keçirilməsi, qanunçuluğa riayət edilməsi, hərbi kollektivlərin möhkəmləndirilməsi və nizamnamədənkənar münasibətlərin qarşısının alınmasında ictimai təşkilatların rolundan geniş istifadə edilməsi və digər kompleks tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verib.
O, əminliklə qeyd edib ki, Daxili Qoşunların rəhbərliyi başda olmaqla, hərbi hissələrin komandanlıqları, Baş İdarənin şöbə və xidmət rəisləri Azərbaycan Respublikasının qanunlarından, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fərman və sərəncamlarından, daxili işlər nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, ölkədə sabitliyin və asayişin keşiyində mətin dayanacaqlar.