Dayanıqlı inkişafda keyfiyyətli təhsil amili - seminar








Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsi və Elm və Təhsil Nazirliyinin Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişafda keyfiyyətli təhsil amili” mövzusunda seminar keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, seminar Neft-Kimya Prosesləri İnstitutu ilə ADPU-nun Kimya və biologiya fakültəsi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunub.
Seminarı açan NKPİ-nin baş direktoru akademik Vaqif Abbasov qlobal ekoloji problemlərdən, onların həlli yolunda Azərbaycan təhsilinin və ölkəmizdə aparılan elmi tədqiqatların rolundan bəhs edib, dayanıqlı inkişafın məzmunu və dayanıqlı inkişafda keyfiyyətli təhsil amilinin əhəmiyyətindən danışıb.
Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş dayanıqlı inkişafın 17 məqsədi, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” haqqında danışaraq bu kontekstdə təhsilin vəzifələrindən danışıb.
Seminar fikir mübadiləsi ilə davam edib.