Dekabrın 20-dən ov mövsümü açıq elan edilir
Bakı, 19 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclası keçirilib. İclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elmi göstəricilər əsasında dekabrın 20-dən fevralın 1-dək ov mövsümünün açıq elan edilməsi barədə qərar qəbul olunub.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva AZƏRTAC-a bildirib ki, su-bataqlıq ərazilərində müşahidə olunan ekosistem dəyişiklikləri, eləcə də fauna üzrə aparılan ilkin monitorinqlərin nəticələri nəzərə alınaraq ov mövsümünün fəaliyyəti əvvəlcədən planlaşdırılmış müddətdən daha erkən dayandırılmışdı. Sonrakı mərhələdə həyata keçirilən təkrar ekoloji müşahidələr, heyvan populyasiyalarının sayımı və qışlama şəraitinin qiymətləndirilməsi nəticəsində müəyyən olunub ki, bəzi növlər üzrə populyasiya göstəriciləri sabitləşib, quşların qışlama dövrünün ekoloji baxımdan ən həssas mərhələsi başa çatıb.
Xidmət rəsmisinin sözlərinə görə, mövcud elmi əsaslar, monitorinqlərin nəticələri və ekoloji tarazlığın qorunması prinsipləri nəzərə alınaraq ov mövsümünün dekabrın 20-dən fevralın 1-dək açılması məqsədəuyğun hesab edilib.
“Ov mövsümü müddətində vətəndaşları mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməyə, ov qaydalarını pozmamağa və qanunsuz ov hallarına yol verməməyə çağırırıq”, - deyə A.Babayeva qeyd edib.