Dendrologiya İnstitutu əməkdaşının məqaləsi Rusiya Elmlər Akademiyasının jurnalında dərc olunub
Bakı, 25 iyun, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının elmi işçisi Güllü Əliyevanın tədqiqat işlərinin nəticəsini əks etdirən məqaləsi Rusiya Elmlər Akademiyasının “Skvortsovia” jurnalında işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, məqalədə Azərbaycanın müxtəlif bölgələrində (Hirkan Milli Parkı, Lənkəran düzənliyi və Abşeron) bitən Quercus castaneifolia populyasiyalarında populyasiyadaxili və populyasiyalararası müxtəlifliyi qiymətləndirmək üçün onun yarpaqlarının morfoloji və funksional əlamətlərinin variasiyasını və bu variasiyanın ətraf mühit şəraitinin, eləcə də coğrafi şəraitin dəyişməsi ilə əlaqəsi analiz edilib.
Təkölçülü və çoxölçülü analizlərdən istifadə edilməklə 3 populyasiyadan 30 ağacın 300 yarpağının morfoloji və funksional fərqi ölçülüb və təhlil olunub. Nəticədə müəyyənləşdirilib ki, yarpağın sahəsi, eni və perimetri kimi morfoloji parametrlər yağıntının illik miqdarının artması ilə azalıb. Yarpağın vahid sahəyə görə kütləsi, su tutumu, nisbi su tutumu və şirəlilik kimi nəmlik göstəriciləri isə yağıntının orta illik miqdarı və hündürlüklə müsbət, orta illik temperaturla mənfi korrelyativ əlaqə yaradır. Məqalə yarpaqların dəyişən mühit şəraitinə cavab olaraq yarpaq plastikliyinin adaptiv polimorfizmini ifadə edir.