Dendrologiya İnstitutunun əməkdaşları Pirallahıda tədqiqat aparıblar
Bakı, 29 iyun, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutu Bitki ekologiyası laboratoriyasının əməkdaşları Pirallahıda ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya zamanı ərazinin hava və torpaq temperaturu, havanın nisbi rütubəti, radiasiya fonu ölçülüb, yeni salınmış bağ və parklarda introduksiya edilmiş bitki növləri üzərində morfoloji müşahidələr aparılıb, ekoloji , fizioloji və biokimyəvi analizlər üçün nümunələr götürülüb.
Laboratoriyanın əməkdaşları müasir avadanlıqlardan istifadə edərək həm çöl şəraitində fenoloji müşahidələr, həm də laboratoriya şəraitində fizioloji və biokimyəvi analizlər aparıblar.
Tədqiqat prosesində götürülmüş bitki nümunələrindən (Nandina domestica THUNB., Cupressus macrocarpa Hartw. & Gordon, Juniperus sabina L.,Gleditsia triacanthos L., Berberis thunbergii DC, Prunus domestica L., Pyracantha coccinea M.ROEM., Lonicera ligustrina Wall., Ligustrum.lucidum W.T.Aiton., Viburnum tinus L.) laboratoriya şəraitində ekstraktlar alınıb və xlorofilin miqdarı təyin edilib.