MƏDƏNİYYƏT
Deputat: Turizm Azərbaycana ən çox valyuta gətirən sahələrdəndir
Bakı, 24 yanvar, AZƏRTAC
Ötən il Azərbaycana 167 ölkədən 791,8 min turist gəlib. 2021-ci ildə turistlərin sayı əvvəlki illə müqayisədə cüzi olsa da (0,5 faiz) azalıb. Azərbaycana ən çox turist ötən ilin sonuncu ayında səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.
O bildirib ki, turistlərin 12,3 faizi dekabr ayında ölkəmizə gəlib. Ən az turist sayı isə yanvar və fevral aylarında müşahidə edilib. Azərbaycana gələnlər arasında Rusiya vətəndaşları üstünlük təşkil edir. Belə ki, turistlərin 32,6 faizi şimal qonşumuzun payına düşüb. Türkiyədən gələnlər 25, iranlı turistlər isə 15,8 faiz təşkil edib. 2021-ci ildə Gürcüstandan Azərbaycana gələnlərin sayı kəskin azalıb. Belə ki, ümumi turistlərin cəmi 7,9 faizi bu qonşumuzun payına düşüb. Bu isə əvvəlki illə müqayisədə 66 faiz azalma deməkdir. Azalmanın əsas səbəbi pandemiya səbəbindən quru sərhədlərin bağlı qalması ilə əlaqədardır. Səudiyyə Ərəbistanından olan turistlərin sayında 26 faiz azalma, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 2,2 dəfə artım qeydə alınıb. 2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 faiz artaraq 35,4 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 43,7 faiz artaraq 159 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 faiz artaraq 297,7 min nəfər olub.
“Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ölkəmizə gələnlərin sayından çox olub. Belə ki, ötən il 974,5 min nəfər Azərbaycan vətəndaşı xaricə səfər edib. Bu o deməkdir ki, xaricə gedənlərin sayı ölkəyə gələn turistlərin sayından 182 min nəfər çox olub. Ötən il İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 80,6 faiz azalıb, Türkiyəyə gedənlərin sayı isə 2,4 dəfə artıb. 2021-ci ilin yekunları göstərir ki, pandemiya ötən il də turizm sektorunun inkişafına mane olub. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Bu baxımdan, ölkəyə turistlərin gəlişi ilə bağlı qaydaların mərhələli şəkildə daha da yumşaldılması məqsədəuyğun olardı. Bu, ölkəyə gələn turistlərin sayına birbaşa təsir göstərər. Bununla belə, 2021-ci ilin son aylarında ölkəyə gələn turistlərin sayının artması bu il Azərbaycana daha çox turistin gələcəyinə inam yaradır”, - deyə V.Bayramov qeyd edib.