Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan ən mühüm vasitədir
Bakı, 6 mart, AZƏRTAC
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm vasitədir. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa və onlarla ünsiyyət qurmağa imkan yaradır.
Bunu martın 6-da Azərbaycan Dillər Universitetində (ADU) “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində “Azərbaycan dili milli özünüdərk vasitəsidir” mövzusunda keçirilən “dəyirmi masa”da bu ali məktəbin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev söyləyib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, akademik Kamal Abdulla belə tədbirlərdə müxtəlif fikirləri bölüşərək yenidən dəyərləndirmək fürsəti əldə etməyin mümkünlüyünü vurğulayıb. Azərbaycan dilinin digər dünya xalqlarının dillərində olduğu kimi milli özünüdərkin formalaşmasında vacib rolunu diqqətə çatdıran K.Abdulla tələbələrə “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində keçirilən tədbirlərdən maksimum faydalanmağı tövsiyə edib.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, professor Niyazi Mehdi istənilən millətin tarixini, mədəniyyətini öyrənmək üçün həmin millətin dilinə bələd olmağın vacibliyindən danışıb: “Hər bir insan öz ana dilini bilməli və qorumalıdır. Dil çoxcəhətli, mürəkkəb ictimai hadisədir, dili qorumaq isə dil daşıyıcılarının vəzifəsidir”.
“Dəyirmi masa” iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.