Dillər Universitetində Çinin Milli Dənizçilik Günü qeyd olunub
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda “Çin mədəniyyəti” mövzusunda onlayn yay mühazirəsi çərçivəsində Çinin Milli Dənizçilik Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin təsviri sənətində dəniz mövzusu” mövzusunda mühazirə ilə çıxış edib. O, Çinin Milli Dənizçilik Gününün Min sülaləsi dövrünün məşhur dəniz səyyahı Çjen Henin Hindçin, Hindistan, Ərəbistan yarımadası və Şərqi Afrika ölkələrinə təşkil etdiyi ilk dəniz ekspedisiyasının xatirəsinə həsr olunduğunu diqqətə çatdırıb.
İnstitutun direktoru mühazirəsində Çin təsviri sənətində dəniz mənzərəsi janrının yaranması və inkişaf mərhələləri, bu janrın ənənəvi “qoxua” (“dağlar və sular”) üslubu, yağlı boya rəngkarlığı, akvarel və dekorativ-tətbiqi sənətdə təzahürü barədə ətraflı məlumat verib.
Bildirilib ki, Çin təsviri sənətində dəniz obrazı həyatın mənbəyi, azadlıq və okeanların hökmdarlarına ehtiramın rəmzi kimi təqdim olunur. R.Abbasov dəniz mövzusunda yaradılan əsərlərin estetik, fəlsəfi, simvolik və mifoloji xüsusiyyətlərindən danışıb, ənənəvi xətti rəsmlər, monoxrom akvarellər və Çin farforunda dəniz motivlərinin işlənməsi barədə məlumat verib.
O, həmçinin “qoxua” üslubunda qayalar və dalğaların kompozisiya həlli, dəniz obrazları, liman şəhərləri, dəniz səyahətləri və döyüş səhnələrinin təsviri zamanı istifadə olunan bədii ifadə vasitələrindən bəhs edib.
Tədbirin sonunda dəniz mənzərəsi janrının banisi hesab olunan Sun Minyuanın əsərlərindən ibarət onlayn sərgi nümayiş etdirilib. Sərgidə rəssamın “Dənizdə dalğalanma”, “Yulankou”, “Qırmızı günəşli dəniz”, “Dəniz daşının sükutu”, “Qağayılar dənizdə oynayır”, “Dəniz çiçəyi”, “Mürəkkəb dəniz”, “Düşüncələr dənizi”, “Dəniz melodiyası”, “Dalğaların zərbəsi” və digər əsərləri təqdim olunub.