DİM vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək
Bakı, 12 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Vergi Xidməti ilə birgə 2021-ci il martın 13-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni martın 5-dən etibarən DİM-in internet saytından çap edə bilirlər. “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” də çap olunur. (Bəyannamə imtahan günü namizəd tərəfindən imzalanır və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verilir).
Namizədlər imtahan iştirakçısının “Yaddaş kitabçası” ilə DİM-in saytından tanış ola bilərlər.
İmtahan Bakı şəhərində 5 binada təşkil olunacaq və saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 15 imtahan rəhbəri, 128 nəzarətçi-müəllim və 15 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.
İmtahanda iştirak etmək üçün 1371 namizəd qeydiyyatdan keçib.
Üç saat davam edəcək imtahanda namizədə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi nəticə çıxarma qabiliyyətinin müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur. Hər bir sualın düzgün cavabı 1 balla qiymətləndirilir (cəmi 100 mümkün bal). Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə burахılacaq.