DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ GÖRÜŞ OLMUŞDUR
Bir sıra Avropa ölkələrinin mətbuatında Məhəmməd Peyğəmbər haqqında dərc olunmuş məqalələrlə əlaqədar təəssüfünü bildirən səfir, eyni zamanda, Azərbaycan cəmiyyətinin bu məsələ ilə bağlı etirazının sivil xarakter daşıdığını müsbət fakt kimi qiymətləndirmişdir. O bildirmişdir ki, Suriya, İran, İndoneziya və bir sıra başqa ölkə müsəlmanlarının reaksiyası Şərqlə Qərb arasında dialoqun zəruriliyini bir daha sübut edir. Bizi həm İslamın Qərbdə, həm də Qərbin müsəlman dünyasındakı imici maraqlandırır. Böyük Britaniya və Azərbaycan son zamanlar baş verən bu hadisələrdən kənarda qala bilsələr də, ölkələrimizin cəmiyyətləri həmin qarşıdurmaya müəyyən dərəcədə qatılmışdır. Biz şadıq ki, Britaniyanın heç bir qəzeti bu cür karikaturalar dərc etməmişdir.
DQİDK-nn sədri Rafiq Əliyev müxtəlif dinlər arasında qarşılıqlı anlaşmanın və həmrəyliyin təmin edilməsi yolunda səfirin səylərini yüksək qiymətləndirmişdir. O vurğulamışdır ki, ölkəmiz dinlər və sivilizasiyalar arasında dialoqu dəstəkləyir və bu yolda konkret addımlar atır. Təəssüf ki, ötən əsrlər ərzində biri-birini yaxşı tanımaq imkanına malik bu iki tərəf - Qərblə Şərq, müsəlman dünyası ilə xristian aləmi indiyə qədər qarşılıqlı anlaşma əldə etməyiblər. Ayrı-ayrılıqda inkişaf edə bilməyəcəyimizi dərk etməyin vaxtı artıq çatmışdır.
Söhbət zamanı komitə sədri dini tolerantlığın təmin edilməsi, dini radikallığın və ekstremizmin qarşısının alınması yolunda ölkəmizdə həyata keçirilən tədbirlər barədə britaniyalı diplomata ətraflı məlumat vermişdir.