Dörd rayonun ərazisində qanunsuz kömür istehsal edilən quyular aşkarlanıb
Bakı, 10 aprel, AZƏRTAC
Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, İsmayıllı, Şəki və Göygöl rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən beş kömür quyusu aşkarlanıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu, Rustov kənd sakini Samir Məhərrəmov, İsmayıllı rayonu, Minkə kənd sakinləri Allahverdi Mahmudov və Fərid Müseyibli, Şəki rayonu, Baş Zəyzid kənd sakini Fizuli Nəsrullayev və Göygöl rayonu, Əzgilli kənd sakini Elmar Verdiyev olduğu müəyyən edilib.
B.Məhəmmədov qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlərin görüldüyünü, kömür quyularının isə ləğv olunduğunu diqqətə çatdırıb.