DOST mərkəzlərinə 200 mininci vətəndaş müraciəti qeydə alınıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun yüksək səviyyədə təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin əsas fəaliyyət prinsipidir.
Pandemiyanın yaratdığı məhdudiyyətlər zamanı da elektron formada xidmətlərini davam etdirən DOST mərkəzləri son aylarda yenidən vətəndaşların qəbulunu həyata keçirir. Şanlı Ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda haqq savaşında olduğu və parlaq zəfərlər əldə etdiyi bu günlərdə DOST mərkəzləri öz fəaliyyətini xalqımızın Qələbə ruhuna uyğun quraraq daha da gücləndirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu gün isə DOST mərkəzlərinə 200 mininci vətəndaş müraciəti qeydə alınıb.
Paytaxtın Səbail rayon sakini Cəmilə Səfərovanın 1 saylı Bakı DOST Mərkəzinə etdiyi müraciət əlilliyin bərpa olunması ilə bağlı olub. Müraciətə uyğun müvafiq tədbir görülüb və vətəndaş göstərilən xidmətdən məmnun qaldığını bildirib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov xidmətlərdən istifadə edən həmin vətəndaşa qurumun təşəkkürnaməsini təqdim edib.
Vətəndaş Cəmilə Səfərova DOST xidmətlərindən razılığını qeyd edib və dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkil olunduğuna görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 2019-cu ilin may ayından Bakıda artıq 3 DOST mərkəzi yaradılıb və paytaxtın 8 rayonu (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) DOST xidmətləri ilə əhatə olunub. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 96 faizdir.
Qarşıdakı dövrdə Bakıda və respublikamızın bölgələrində yeni DOST mərkəzlərinin açılması planlaşdırılır.