Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində Xocalı faciəsi ilə bağlı çıxış etmişdir
Ankara, 28 fevral (AZƏRTAC). Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində lideri olduğu partiyanın qrup toplantısında Xocalı soyqırımından bəhs etmişdir.
MHP sədri demişdir ki, dost və qardaş Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində yaşananlar ağlın və insanlığın iflas etdiyi bir zamana təsadüf etmişdir. Erməni caniliyinin, vəhşiliyinin qanlı izi Xocalıda bir daha üzə çıxmış, bunun nəticəsi çox ağır olmuşdur. Keçmiş sovet ordusunun köməyi ilə erməni qəddarlığının Xocalıya və Dağlıq Qarabağın hər bölgəsinə ölüm saçması türk milləti tərəfindən heç bir zaman unudulmayacaq və dünya durduqca bağışlanmayacaqdır. Minlərlə soydaşımız yaralanmış, itkin düşmüş, erməni əsarətinə məruz qalmışlar. Bu mənzərə erməni qatillərinin apardıqları etnik təmizləmə siyasətinin nəticəsidir. Artıq məlumdur ki, bəşəriyyətin üfüqləri Xocalıda qaralmış və erməni ölüm maşını heç yorulmamışdır. Dağlıq Qarabağ yanmış, Xocalı dağıdılmış, türk milləti qəlbindən zərbə almışdır.
D.Baxçalı Xocalı qətliamını türk millətinin vicdanı və fəryadı kimi dəyərləndirərək, bu faciənin eyni zamanda şərəf, heysiyyət məsələsi oduğunu demişdir. Təəssüflər olsun ki, Xocalıda qan tökən və qətliama liderlik edən adam bu gün Ermənistan dövlətinin başçısıdır. Bu adamın idarə etdiyi ölkə isə hələ də bizim torpaqlarımıza iddia edir. Qafqazda sabitlik və rifahın bərqərar olması üçün erməni fitnələri bitməlidir. Ermənistan işğal etdiyi torpaqları azad etməli, qaçqın soydaşlarımız evlərinə dönməlidirlər. Torpaqların işğalına son qoyulmadan və Xocalının göz yaşları silinmədən bizə rahatlıq yoxdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara