Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib








Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluqla təminat, eyni zamanda, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.
Komitə sədri, eyni zamanda, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində verdiyi tapşırıqların sakinlərin rahat və təhlükəsiz yaşayışının, işğaldan azad olunmuş ərazilərin ölkəmizin ən abad guşələrindən birinə çevrilməsinin uğurla həyata keçirildiyini vətəndaşların diqqətinə çatdırıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə tarixi, mədəniyyət abidələrinin bərpasını və digər quruculuq işlərini diqqət mərkəzində saxladığı, onun tapşırığı ilə bu sahədə mühüm işlər görüldüyü vurğulanıb.
Komitə sədri, həmçinin diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə, qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.
Görüşdə keçmiş məcburi köçkün vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.