Dövlət Neft Şirkətinin idarə və müəssisələrində yaz iməcilikləri davam edir
Bakı, 22 aprel (AzərTAxc). Azərbaycan Respubliksa Dövlət Neft Şirkətinin (ARDNŞ) həyata keçirdiyi ekoloji siyasətə uyğun olaraq genişmiqyaslı yaz iməcilikləri davam edir. Aprelin əvvələrindən başlayaraq şirkətin idarə və müəssislərində keçirilmiş iməciliklərdə ərazilər istehsalat tullantılarından təmizlənmiş, abadlıq, yaşıllaşdırma işləri görülmüşdür.
ARDNŞ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, «Azərikimya» İstehsalat Birliyində (İB) keçirilmiş iməcilikdə etilen-polietilen zavodunun, “Kimyalayihə” institutunun, təmir-tikinti, nəqliyyat və xüsusi texnika idarələrinin və anbar təsərrüfatının 600 nəfər əməkdaşı iştirak etmişdir. Etilen-polietilen zavodunun qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanması sexinin ərazisində və yeni tikilmiş tərəzinin ətrafında yaşıllıq sahələrinin genişləndirilməsinə cəlb edilən kimyaçılar iməcilik günü 800-ə yaxın ağac əkmişlər. Kimyaçılar həmçinin İB-nin müəssisə və idarələrinin daxili ərazilərində əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərmişlər.
Heydər Əliyev adına Bakı neft emalı zavodunun əməkçiləri təmizlik, abadlıq işləri aparmış, ağacların dibi bellənmiş, əhənglənmişdir. İməcilik zamanı yüzlərlə ağac və gül kolları əkilmişdir. Ölkə iqtisadiyyatının inkişafında böyük rolu olan neft emalçıları zavodun ərazisini , tullantılardan təmizləmişlər.
ARDNŞ-nin ekologiya idarəsində də yaşıllaşdırma və abadlıq işləri ilə bağlı növbəti iməcilik keçirilmişdir. İməcilik zamanı çalalar qazılmış, 100 ədəd eldar şamı əkilmiş, dirəklər basdırılmışdır. Bununla yanaşı iməcilik iştirakçıları ərazidə bir sıra abadlıq işləri apararaq 1100-dən çox ağacın dibini yumşaltmış, suvarma işləri aparılmış və sahələri alaq otlarından təmizləmişlər. Ekologiya idarəsi tərəfindən iməciliklərin növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulmuşdur.