Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşlara xəbərdarlıq edib
Bakı, 16 iyun, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Müştəri informasiya sisteminin məlumat bazasının yenilənməsi və təkmilləşdirilməsi ilə əlaqədar iyunun 17-də saat 23:30-dan etibarən 24 saat müddətində yeni sistemə keçid işləri aparılacaq.
Dövlət Su Ehtiyatları Agentliyindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar müştəri informasiya sisteminə bağlı aşağıda qeyd olunan sistemlərin fəaliyyəti prosesin davam edəcəyi müddətdə müvəqqəti dayandırılacaq.
∙ Dövlət qurumları ilə bağlı veb-servislər
∙ APUS ödəniş sistemləri
∙ Asanpay Ödəniş sistemi
∙ Bütün operatorlardan sorğuları qəbul edən hesaba ödəniş sistemləri
∙ Smart-kart ödəniş sistemləri
∙ Elektron xidmətlər
∙ Smart proqramlar
∙ MİS-lə inteqrasiyada işləyən CİS proqramları
∙ Məlumat hesabat proqramları (Dashboard-lar)
∙ İVR borc öyrən xidməti
∙ Mobil oxumalar
∙ MİS-in bütün modulları
∙ Zəng mərkəzinin MİS qeydiyyat imkanları
∙ Digər daxili proqramlar
Profilaktiki tədbirlərlə əlaqədar qeyd olunan müddətdə smart-kartlara yükləmə əməliyyatlarının aparılması, su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların ödənilməsi mümkün olmayacaq. Bunları nəzərə alaraq abonentlər ehtiyat tədbirləri görməli, zərurət varsa balanslarını gün ərzində artırmalıdır. Borcların öyrənilməsi və ödənilməsi, elektron xidmətlər və s. əməliyyatların profilaktiki işlər yekunlaşdıqdan sonra aparılması mümkün olacaq. Qeyd olunan müddətdə 955 “Zəng mərkəzi”nin fəaliyyətində də müəyyən məhdudiyyətlər yaranacaq.