Dövlət Turizm Agentliyi: Çinli turistlərin ölkəmizə qrup səfərləri sadələşdirilib
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Pekində Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin ölkəmizə qrup səfərlərinin sadələşdirilməsi haqqında anlaşma memorandumu imzalanıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, memorandum sənədini Azərbaycan tərəfdən agentliyin sədri Fuad Nağıyev, Çin tərəfdən isə bu ölkənin mədəniyyət və turizm nazirinin müavini Can Su imzalayıb.
Sənəd 27 fevral - 1 mart tarixlərində Pekin şəhərində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının yeddinci iclası zamanı imzalanıb. İmzalanma mərasimində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı və Komissiyanın digər üzvləri iştirak edib.
Fuad Nağıyevin sözlərinə görə, sözügedən sənəd iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yeni mərhələsindən xəbər verir.
“Yeni müqaviləyə əsasən, yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50 faiz artım müşahidə olunub. İndi isə biz Çindən Azərbaycana bir neçə dəfə çox turist gələcəyini deyə bilərik”, - deyə Fuad Nağıyev bildirib.
Agentliyin sədri qeyd edib ki, Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib. Ümumilikdə, 12 hədəf istiqamət mövcuddur. Bura həm post - Sovet məkanı, həm Asiya, həm Avropa, həm Yaxın Şərq daxildir. Çin də daxil olmaqla, artıq altı ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir. Yaxın gələcəkdə daha dörd ölkədə nümayəndəliyin açılacağı nəzərdə tutulur.
F.Nağıyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, formalaşmaqda olan turizm sənayesinin iştirakçıları Azərbaycana gələn turistlərin iki dəfəyədək artmasını təmin etməlidirlər. Bununla yanaşı, turistlərin məmnunluğu ən yüksək səviyyədə təmin olunmalıdır: “Biz turizm sənayesinin təmsilçiləri, cənab Prezidentin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss edirik. Qarşıya qoyulmuş tapşırıqların hamısı, sözsüz ki, icra olunacaq”, - Dövlət Turizm Agentliyinin sədri belə deyib.
Qeyd edək ki, Azərbaycan Dövlət Turizm Agentliyi 2018-ci ilin aprelində yaradılıb. Sentyabr ayında yeni qurumun strukturu təsdiq olunub. Qısa müddət ərzində Dövlət Agentliyi və onun tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən ölkəyə turistlərin cəlb edilməsi üçün 2018-2023-cü illəri əhatə edən konsepsiya hazırlanıb. Noyabr ayında “Bir daha bax” (“Take another look”) şüarlı yeni brendin Londonda dünyamiqyaslı təqdimatı həyata keçirilib. 2020-ci ilin sonuna qədər ölkənin turizm potensialının tanıdılması məqsədilə beynəlxalq sərgilərdə iştirak, prioritet bazarlarda təqdimatların keçirilməsi də daxil olmaqla, geniş miqyaslı təbliğat işlərinin görülməsi nəzərdə tutulub. Bundan əlavə, biznes nümayəndələri ilə görüşlər təşkil olunur, KİV-lərdə və sosial şəbəkələrdə aktiv iş aparılır.