DÜNYA
DST Yaponiya hökumətini “Diamond Princess” gəmisini tərk edənlərə diqqətlə yanaşmağa çağırıb
Tokio, 19 fevral, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatı (DST) Yaponiya hökumətini “Diamond Princess” gəmisini tərk edən heyət üzvlərinə və sərnişinlərə diqqətlə yanaşmağa çağırıb.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, DST-nin fövqəladə hallar üzrə proqramının icraçı direktoru Maykl Rayan bu xahişlə Cenevrədə keçirilən mətbuat konfransı zamanı çıxış edib.
Xəbər verdiyimiz kimi, 14 gün gəmidə olmuş sərnişinlər fevralın 19-dan başlayaraq, karantin müddətinin başa çatması ilə əlaqədar gəmini tərk etməyə başlayıblar. Bildirilir ki, bu hüquqdan yalnız koronavirusla bağlı analizləri mənfi olanlar istifadə edə bilərlər.
Yaponiya hökumətinin gəmidəki sərnişinləri və heyət üzvlərini karantində saxlamaq barədə qərarını müsbət qiymətləndirən M.Rayan, virusun gözlənildiyindən daha böyük sürətlə yayılmasının narahatlıq doğurduğunu bildirib.
O, həmçinin qeyd edib ki, Yaponiya hökuməti digər ölkələrlə sıx əlaqə saxlayaraq və reallığa uyğun olaraq, səhiyyə sahəsində lazım olan bütün addımları atır.
Xatırladaq ki, Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin nümayəndələrinin bildirdiyinə görə, fevralın 19-da 500 nəfərin gəmini tərk etməsi planlaşdırılır. Səhhətində xəstəliyin simptomları aşkar edilməyən digər sərnişinlər və heyət üzvləri isə fevralın 21-dək gəmini tərk edəcəklər. Yalnız koronavirusun aşkar edildiyi xəstələrlə eyni kayutda olmuş sərnişinlər növbəti 14 gün müddətinə gəmidə karantində saxlanacaqlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio